Sumqayıtda bazarda atəş açıldı – BİR NƏFƏR YARALANDI

Sumqayıtda silahlı insident baş verib.

APA TV-nin  məlumatına görə, hadisə şəhərin "İnşaatçılar" qəsəbəsində yerləşən "Əşya bazarı" adlanan kənd təsərrüfatı mallarının satışının həyata keçirildiyi bazarda qeydə alınıb.

Belə ki, naməlum şəxs "BMW" markalı avtomobildən düşərək ətrafda toplaşan insanlara ov tüfəngindən atəş açıb.  Nəticədə bazarda meyvə-tərəvəz satışı ilə məşğul olan 1988-ci il təvəllüdlü Çələbiyev Natiq Atabala oğlu çoxsaylı qırma yarası alıb. Neyrocərrah Rüstəm Ömərov deyir ki,  32 yaşlı şəxs Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib və ona  tibbi yardım göstərilib: “Xəstənin diaqnozu başın çoxsaylı qəlpə yaraları, döş qəfəsinin və sağ çiyin qurşağı nahiyəsinin qəlpə yaraları diaqnozu ilə xəstəxanamıza qəbul olunmuşdur. Xəstəyə müvafiq yardım göstərilmiş, manipulyasiyalar tərəfimizdən icra olunmuşdur və lazımi yardımlar göstərilmişdir”.

Yaralı Natiq Çələbiyev isə hadisəni belə xatırlayır: “Gördüm bir nəfər gəldi. "BMW" markalı maşınla.  Maşından atəş açdı ov tüfəngindən. O da düz mənim alnımdan tutdu və bir də kürəyimdən. Qan içindəydim, özümü itridim”.

Faktla bağlı araşdırma aparılır.

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv