Sumqayıtda bu kanal maşınları udur, ətrafa dəhşət saçır

Suya qərq olan avtomobillər, tullantı dolu su hövzəsi, uşaqların həyatını təhdid altında saxlayan, sakit axan su.…. Bura Samur-Abşeron kanalının Sumqayıtın Yaşıldərə yaşayış massivindən keçən hissəsidir.

Ərazidə yaşayan sakinlər deyirlər ki, kanalın massiv ərazisindən keçən hissəsində tez-tez bədbəxt hadisələr baş verir. Avtomobillərin kanala düşməsi, uşaqların yıxılması halları qeydə alınır.  Bəzi şəxslər tərəfindən kanala tullantılar atılır ki, bu da xoşagəlməz mənzərə yaradır.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Dilqəm Şərifov isə su hövzələrinin yaxınlığında yaşayış evlərinin tikilməsinin məqsədəuyğun olmadığını və yaranan vəziyyətlə bağlı sakinləri ittiham edib. o, mühafizə zolağında evlərin tikilməsi ilə bağlı yerli icra orqanlarını günahlandırıb.

Sumqayıt Şəhər İcra Hakimiyyətindən isə bildirildi ki, mühafizə zolağının istifadəsi və ona daimi nəzarətin həyata keçirilməsi aidiyyəti təşkilata məxsusdur. Mühafizə zolağında hər hansı qanuna uyğunsuzluq müəyyən edildiyi halda məsələnin həlli ilk növbədə həmin təşkilat tərəfindən müvafiq orqanlara müraciət olunmalıdır.  Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən də kanalın şəhər ərazisinə düşən hissəsində nəzarət tədbirləri həyata keçirilir. Həmin ərazidə qanun pozuntusunun aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilat tərəfindən müraciət olunarsa köməklik məqsədi ilə birgə tədbir görülə bilər.

 

 

ƏLİ ƏLİYEV, AĞA  ƏLİZADƏ

APA TV

Müəllif | Apa.Tv
Apa.tv