Sumqayıtda dəhşət: Nənə 2 yaşlı nəvəsinin qolunu qırdı
Sumqayıtda nənə 2 yaşlı nəvəsinə işgəncə verib. Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə öz feysbuk hesabında məlumat verib. O bildirib ki, azyaşlı qız Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən aşkarlanaraq sığınacağa yerləşdirilib. Uşaq bir həftə xəstəxanada nəzarətdə qalıb. Hadisənin nə dərəcə real olduğunu bilmək üçün azyaşlının nənəsi ilə əlaqə saxladıq. O bildirdi ki, sözügedən uşaq nevroloji xəstədir. Nənənin sözlərinə görə, uşağı sahiblənən ailə bir müddət sonra onu dövlətə verəcəyini deyib. Lakin nənə buna etiraz edərək, körpəni özünün böyüdəcəyini bildirib. Qeyd edək ki, işgəncəyə məruz qalmış azyaşlıdan başqa iki qız uşağı da nənənin himayəsində olub. Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Məsələləri şöbəsinin böyük məsləhətçisi Təranə Piriyeva bildirib ki, azyaşlının himayəsində olduğu nənəsi tərəfindən işgəncəyə məruz qalması barədə komitəyə məlumat verilib və məsələ dərhal nəzarətə götürülüb. Təranə Piriyeva onu da bildirib ki, bir müddət öncə azyaşlının anası vəfat etdiyinə görə, uşaqlar nənələri ilə qalıblar. Uşaqların atasından və ata qohumlarından isə xəbər yoxdur. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə bildirib ki, nənəsi tərəfindən döyüldüyü iddia edilən azyaşlı, hazırda, onun yanındadır. Məsələ ilə bağlı cinayət işi başlanılıb. ŞƏMS QULİYEVA ARİF ƏLİYEV APA TV