Sumqayıtda ev sahibi ailəni yaşadığı evdən qovdu

Sumqayıtda Qubadlı rayonundan olan məcburi köçkün ailəsi yaşadığı mənzildən çıxarılıb. APA TV-nin məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayon adlanan hissəsində ev 31, mənzil 36-da baş verib. 30 ilə yaxındır ki, bu ünvanda məskunlaşan Qubadlı rayon sakini Musa Əsədov deyir ki, evdə olmadıqları vaxt mənzilin sahibi qapının qıfılını dəyişərək içəri daxil olub və onları evə buraxmayıb. Sözügedən ünvana yollandıq. Ev sahibi Nabat Mirzəyeva qapını açmasa da suallarımızı cavablandırdı. Məlum oldu ki, 2009-cu ildə Sumqayıt şəhər Məhkəməsi ev sahibi Nabat Mirzəyevanın mülkiyyətçisi olduğu 4 otaqlı mənzilin 2 otağında yerləşməsi üçün qətnamə çıxarıb. Lakin 13 ildir ki, qətnamənin icrasına mənzildə məskunlaşan Əsədovlar ailəsi razı olmayıb. Bəs görəsən mənzildən çıxarılan Qubadlı sakinləri harada yerləşdiriləcək? Bu suala cavab tapmaq üçün üz tutduq Qubadlı rayon İcra hakimiyyətinə. Şifahi olaraq bildirildi ki, məsələ ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində işlər görülür.

Müəllif | Apa.Tv
Apa.tv