Sumqayıtda karantin qaydalarını pozan şəxslər cərimələndi – POLİS REYD KEÇİRDİ
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki ictimai-iaşə obyektləri, marketlər, apteklər və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilib.
DİN mətbuat xidmətindən APA TV-nin yerli bürosuna verilən xəbərə görə, reydlər zamanı mağazalara maskasız daxil olan və buna göz yuman obyekt əməkdaşları polislər tərəfindən müəyyən edilərək qanunvericiliyə uyğun şəkildə ciddi cəzalandırılıblar. Reyd zamanı Sumqayıt şəhərindəki apteklərdə sanitar-gigiyenik qaydalara əməl etməyən, tibbi maska və əlcəksiz işləyən satıcılara da xəbərdarlıq edilərək barələrində ciddi intizam tədbirləri görülüb.
Reyd zamanı həmçinin, avtobuslarda maskadan istifadə etməyən sərnişinlər də Sumqayıt Şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müəyyən edilərək cərimələniblər. Belə hallara yol verən avtobus sürücüləri barəsində də ciddi tədbirlər görülüb.
Həmçinin Bakı-Sumqayıt şəhərləri arasında qanunsuz olaraq heç bir sanitar qaydalara əməl etmədən sərnişin daşıyan sürücülər barəsində də ciddi tədbirlər görülüb həmin avtobuslar xətdən çıxarılıb.