Sumqayıtda nə uşaqlar, nə böyüklər küçəyə çıxa bilir – Niyə itləri yığıb qurtara bilmirlər?

Təkcə Sumqayıtda son altı ayda 655 nəfəri it dişləyib. Sahibsiz itlərlə bağlı ən böyük problemi isə məktəblilər yaşayır. Səhər saatlarında dərsə gələn məktəblilərin içində it hücumuna məruz qalanlar çoxdur. Artıq nə də uşaqlar küçədə rahat gəzə bilir, nə böyüklər. Bir sözlə, itlər insanlardan qorxur, insanlar da itlərdən. Bəs görəsən Sumqayıt şəhər icra hakimiyyəti bu problemin həlli üçün hansı işləri görür. Əgər sahibsiz itlərin sığınacaqlara yerləşdirilməsi həyata keçirilirsə, necə olur ki, küçələrdəki itlərin sayı azalmır? Axı bunlar sabun köpüyü deyil, canlı varlıqlardır. Bir şəhərin ərazisində neçə ay müddətində iş aparılmalıdır ki, bu heyvanların hamısını sığınacaqlara yerləşdirmək mümkün olsun? Cavabsız çox sual var. Heyvan sevərlər bildirir ki, it hücumuna məruz qalmamaq üçün iki amilə xüsusilə diqqət etmək lazımdır. İtlərin əhliləşdirilməsi üzrə mütəxəssis Elşən Rəsulov sahibsiz küçə itlərinin hücumundan müdafiə olunmaq üçün bacardıqca itlərə qorxunu hiss etdirmədən hərəkət etmək lazım olduğunu deyir. Sevindirici haldır ki, artıq küçələrdə itlər və pişiklər üçün su və qida qabları qoyulur. Buna baxmayaraq artan hücum halları müdafiə xarakterlidir, ya həqiqətən heyvanların aqressivləşməsi ilə bağlıdır, bunu yalnız araşdırma nəticəsində öyrənmək olar. Xədicə Səxavət, Vüsal Qənbərov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv