Sumqayıtda qarajların ətrafı natəmizlik mənbəyinə çevrilib
Sumqayıt şəhər 18-ci mikrorayon ev 24-ün sakinləri yaxınlıqdakı qarajların yığışdırılmasını tələb edirlər.
APA TV-nin məlumatına görə, söhbət binalarının arxa tərəfində quraşdırılan qarajlardan gedir.
Bina sakini Gülnarə Zamanova deyir ki, ərazidə quraşdırılan qarajların ətrafı zibillik və natəmizlik mənbəyinə çevrilib: “Zibil atılır, ayaqyolu əvəzi istifadə olunur burdan. Və üzr istəyirəm ifadəmə görə, biədəb hərəkətlərin pəncərəmin qarşısındadır deyə şahidi oluram və dəfələrlə buna görə müraciət eləmişik keçmiş icra nümayəndəsinə. Bu adamla bacarmırıq, öhdəsindən gələ bilmirik. Kimə istəyirsiniz müraciət edin. Biz də icra başçısına sağ olsun çox gözəl qarşıladı və göstəriş verdi Babək Hüseynova ki, götürün bunu. Babək Hüseynov bizi get-gələ sala-sala dedi ki, mən onu eləməyəcəm, hara istəyirsiniz müraciət edin”.
Mina Hançarova isə aidiyyəti qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, hələ də problemin həll edilmədiyini deyir: “Bu qarajlar bizi çox narahat edir. Müraciət etmişik biz. Əlimizdə sərəncam da var. Amma riayət edən yoxdur. O tərəfdən gələn sakinlər zibili tullayıb gedirlər. Üzr istəyirəm natəmizlikdir ümumiyyətlə”.
Binada yaşayan Cavanşir Abbasov da yaranan natəmizliyin yığışdırılmasının tərəfdarıdır: “Yığışırlar burda araq içirlər, yığışırlar burda iynə vururlar, yığışırlar burda pis-pis işlərlə məşğul olurlar. Pəncərələrin qabağıdır, hamı görür, bilir. Yiyələrinə də neçə dəfə deyilib, deyirlər qanunidir. Amma burada qanuni heç nə yoxdur. Hamısı qeyri-qanunidir”.
Sakinlərin problemi ilə bağlı qaraj sahiblərinin də mövqeyini öyrənmək istədik. Lakin bu cəhdimiz heç bir nəticə vermədi.
Məsələ ilə bağlı Sumqayıt şəhər Memarlıq və Şəhərsalma İdarəsindən isə bildirdilər ki, pandemiya dövrü başa çatdıqdan sonra sakinlərin problemləri həll olunacaq və qarajlar həmin ərazidən yığışdırılacaq.