Sumqayıtda şəhid Ramil Ağayevin xatirəsi əbədiləşdirilib
Sumqayıt şəhərində Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan mayor Ramil Ağayevin xatirəsi əbədiləşdirilib.
APA TV-nin məlumatına görə, şəhidin yaşadığı binanın qarşısında onun adına bulağın açılışı olub.
Tədbirdə şəhidin ailə üzvləri və qonşuları iştirak ediblər. Çıxış edənlər bütün şəhidlərə rəhmət diləyib, Ramil Ağayevin şücaəti və keçdiyi döyüş yolundan danışıblar. Bildirilib ki, o, Cəbrayıl rayonunun alınmasında fəal iştirak edib, döyüşlərdə düşmənə məxsus 12 tankı və digər texnikaları şəxsən özü ələ keçirib.
Ramil Ağayev Füzuli istiqamətində gedən döyüşlərdə, yaralı yoldaşlarını döyüş meydanından çıxararkən şəhidlik zirvəsinə yüksəlib.
18 illik hərbçi karyerası ərzində qüsursuz xidmət edən 2016-cı ilin Aprel döyüşlərində böyük şücaət göstərib və bir sıra mükafatlara layiq görülüb.
Ramil Ağayev ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Qeyd edək ki, mayor Ramil Ağayev öz vəsiyyəti ilə doğulub boya-başa çatdığı Lerik rayonunda dəfn edilib.