Sumqayıtda şəhidin xatirəsinə bulaq inşa olundu
Azərbaycan Ordusunun Vətən müharibəsində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri Şəhriyar Quliyevin xatirəsi əbədiləşdirilib.
APA TV-nin məlumatına görə, bu gün Sumqayıtda şəhidin adına inşa edilən bulağın açılışı olub.
Açılış mərasimindən əvvəl Ş.Quliyevin döyüş yoldaşları, ailə üzvləri və yaxınları Sumqayıt Şəhidlər xiyabanında şəhidin məzarını ziyarət ediblər.
Daha sonra Ş.Quliyevin döyüş meydanında göstərdiyi şücaətdən və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əhəmiyyətindən danışılıb.
Bildirilib ki, təkbaşına düşmənin 150-dən çox canlı qüvvəsini, bir neçə texnikasını məhv edən Ş.Quliyev Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad edilməsində böyük şücaət göstərib.
Ş.Quliyev oktyabrın 23-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Onun qəhrəmanlığı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. Ş.Quliyev "Qarabağ" ordeni, "Cəbrayılın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.
Yaşasaydı bu gün 31 yaşı olacaqdı.
Allah rəhmət eləsin!