Sumqayıtda toya gələn vətəndaşların vaksin olunub-olunmadığı yoxlanıldı

Sumqayıtda fəaliyyət göstərən şadlıq saraylarında monitorinqlər keçirilib.

 

APA TV-nin  məlumatına görə, Sumqayıt Şəhər İcra Hakimiyyəti və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarından ibarət monitorinq qrupları şəhər ərazisində fəaliyyət göstərən şadlıq saraylarında yoxlamalara başlayıblar.

 

Monitorinqlər zamanı 10-dan çox şadlıq sarayında Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunmasının vəziyyəti yoxlanılıb.

 

Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı karantin rejiminin qaydalarına əməl edilməsi, iştirakçıların COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənədlər yoxlanılıb.

 

Bir sıra restoranlarda şənlik iştirakçılarının təsdiqedici sənədinin olmadığı müəyyən edilib. Həmin şəxslərlə izahedici söhbətlər aparılıb, onlar xəbərdarlıq edilərək geri qaytarılıb.

 

Bununla yanaşı, şənlik mərasimlərinin keçirildiyi bir sıra obyektlərdə Nazirlər Kabinetinin müəyyən etdiyi şərtlərə əməl olunmadığı müəyyən edilib. Monitorinq zamanı “Sərin su”, “Dörd qardaş” və “Xanədan” şadlıq saraylarında karantin qaydalarının tələblərinin pozulduğu məlum olub. Belə ki, həmin obyektlərdə keçirilən şənliklər barəsində məlumatların portala daxil edilmədiyi aşkarlanıb. Şadlıq sarayı sahiblərinin hər biri İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən 4000 manat cərimə edilib. Onlara bir daha belə halların baş verməməsi üçün xəbərdarlıq da edilib.

 

RAMİL ZEYNALLI,

ƏLİ ƏLİYEV

APA TV

Müəllif | Apa.Tv
Apa.tv