Sumqayıtda yataqxana çökür ,130 ailə çətin vəziyyətdədir
16 saylı yataqxanada artıq bir dəfə çəkiliş etmişik. Budəfəki çəkilişimizin səbəbi sakinlərin bu yaya çıxa bilməmək qorxusudur. 130 ailənin yaşadığı yataqxanada nə sanitar qovşaqlar, nə də mətbəxlər işlək vəziyyətdə deyil. Bina günü gündən çökür. Divarlar qopub sakinlərin başına tökülür. Üfunət iyindən binaya girmək mümkün deyil. Sakinlər bildirir ki, binanın təmiri üçün pul ayrılsa da aidiyyəti qurum hələ də bina ilə bağlı heç bir addım atmayıb. Sakinlər bildirir ki, bina çökür, amma icra hakimiyyəti illər əvvəl bina haqqında verilən rəyi əsas gətirərək sadəcə təmir işləri aparmaq niyyətindədir. Ekspertlər isə bildirir ki, belə halların qarşının alınması üçün konkret tədbirlər görülməlidir. Vətəndaşlar binadakı mövcud vəziyyətlə bağlı rəsmi şəkildə cavabdeh qurumlara rəsmi şəkildə müraciət etməlidirlər. Sakinlərin şikayətlərini dinləyib, vəziyyətlərini lentə aldıqdan sonra Sumqayıt şəhər icra hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Eyvaz Qocayev bildirdi ki, Sumqayıt şəhərindəki mövcud yataqxanalara yenidən baxış keçirilir. Baxış keçirildikdən sonra, bir neçə yataqxana, eyni zamanda həmin yataqxana ilə bağlı aidiyyəti quruma yenidən müraciət olunacaq. Xədicə Səxavət Vüsal Qəmbərov, APA TV