Sumqayıtdan Türkiyəyə daha 7 modul ev və digər yardımlar yola salınıb
Türkiyədə baş verən zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Sumqayıt şəhərində həyata keçirilən humanitar yardım kampaniyası davam edir.
Növbəti 7 ədəd modul ev, 6 kabinəli sanitar qovşaq və 316 min Azn dəyərində olan humanitar yardım yola salınıb.
Qeyd edilib ki, Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış, hər birində 8-10 nəfərin müvəqqəti yaşaması üçün nəzərdə tutulan 22 ədəd modul tipli evlərin Türkiyəyə göndərilməsi nəzərdə tutulub.
Ötən həftə bu modul evlərdən 8 ədədi və 405 min AZN dəyərində olan yardım göndərilib.
Sumqayıt şəhəri ölkəmizdə həyata keçirilən humanitar yardım kampaniyasında fəal iştirak edir. Şəhərin müxtəlif yerlərində yardımların toplanması üçün məntəqələr yaradılıb.
Zəlzələ baş verən ilk gündən Sumqayıtlılar yardım toplama məntəqəsinə axın edirlər. Burada yataq dəstləri, isti paltarlar, uşaq bezləri, təmizlik ləvazimatları, konservləşdirilmiş qidalar, zəruri quru ərzaqlar, tibbi ləvazimatlar, eləcə də digər zəruri yardımlar təyin olunmuş məntəqələrdə çeşidlənib qablaşdırılır.