Suraxanıda üzərində silah gəzdirən keçmiş məhkum saxlanılıb

Keçmiş məhkum üzərində tapança gəzdirərkən saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

 

Belə ki, bölməyə Hikmət adlı şəxsin Suraxanı rayonu ərazisində üzərində odlu silahla hərəkət etməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs, əvvəllər dəfələrlə məhkum olunmuş Babayev Hikmət saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd texniki cəhətdən işlək vəziyyətdə olan, atəş üçün yararlı “Makarov” markalı  tapança və həmin silaha aid 3 ədəd patron o cümlədən bıçaq  aşkar olunaraq götürülüb. Hikmət Babayev ifadəsində bildirib ki, silahı ötən ilin avqustunda 8-ci kilometr ərazisində zibillikdən tapıb və o, bu günə kimi həmin döyüş ləvazimatlarını polisə təhvil verməyərək qanunsuz olaraq özündə saxlayıb. Saxlanılan şəxs əvvəllərdə qanunsuz olaraq üzərində silah gəzdirdiyi üçün həbs edilib. Hikmət Babayev əməlini etiraf edib.

 

Faktla bağlı cinayət işi başlanılıb.

Müəllif | Apa.Tv
Apa.tv