Suriyada döyüşən azərbaycanlı kimdir?

Dövlət Təhlükəsizliyi Xidməti ölkə xaricində qanunsuz silahlı birləşmələrdə fəaliyyət göstərmiş şəxsi həbs edib.

 

APA TV xəbər verir ki, bu barədə DTX Mətbuat xidməti məlumat yayıb.

 

Xəbərə görə, DTX tərəfindən beynəlxalq terrorçuluqla mübarizə istiqamətində həyata keçirilən kompleks əməliyyat-istintaq tədbirləri çərçivəsində daha əvvəl silahlı terror təşkilatının Türkiyə Respublikası ərazisində fəaliyyət göstərən birliklərinə üzv olma şübhəsi ilə Türkiyə ərazisində saxta pasportla Özbəkistan vətəndaşı İlyorjon İsanov kimi saxlanılaraq həbs edilmiş, lakin təqsiri sübuta yetirilmədiyi üçün azad edilmiş 45 yaşlı Azərbaycan vətəndaşı Akif Osmanovun dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda terror aktlarının törədildiyi silahlı münaqişələrdə iştirakına əsaslı şübhələr müəyyən olunub.

 

Başlanılmış cinayət işi üzrə aparılmış araşdırmalar nəticəsində Akif Osmanovun Suriya Ərəb Respublikasının Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçərək, odlu silah və partlayıcı maddələrdən istifadə qaydalarını mənimsəməklə dini radikalizm və dini düşmənçilik zəminində “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak etməsi, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşularaq qəlpə yarası alması, habelə terror təşkilatı tərəfindən digər ölkələrin ərazisində sərbəst hərəkət edib cinayət məsuliyyətindən yayına bilməsi məqsədilə Özbəkistan vətəndaşının adına saxta pasport ilə təmin olunması və həmin pasportla müxtəlif ölkələrdə olmasına dair dəlillər əldə edilib.

 

Akif Osmanov şübhəli şəxs qismində tutularaq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv