Sürücü qaçdı, polis özünü çatdırdı - GƏNC OĞLANIN VƏZİYYƏTİ AĞIRDIR

Gəncənin mərkəzində piyada vurulması ilə nəticələnən qəza baş verib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

"Hyundai" markalı minik avtomobili yolu keçmək istəyən piyada - Zaqatala rayon sakini, 2002-ci il təvəllüdlü Ruslan Nəbiyevi vurub. Köməksiz vəziyyətdə qalan yaralını xəstəxanaya polis əməkdaşları çatdırıb. Çünki sürücü hadisəni törədikdən sonra qaçıb.

Həkimlər bildirilib ki, 17 yaşlı oğlana vaxtında tibbi yardım edilməsəydi, o, həyatını itirə bilərdi. Hazırda vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Qeyd edək ki, sürücü daha sonra saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb.

Qəzanı törədən şəxs 26 yaşlı şəhər sakini Elvin Süleymanovdur. Onun ifadəsi alınıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv