​​​​​​​ Sürücü Suqovuşanda minaya düşdü

2023-cü il 26 aprel tarixində Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti məlumat verib.

Piyada əleyhinə minanın partlayışı nəticəsində Beynəlxalq Avrasiya Mətbuat Fondunun sürücüsü, 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tarıyel oğlu xəsarət alıb. Xəsarət alan şəxs Bərdə rayon xəstəxanasına yerləşdirilib, vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Tərtər rayonunda baş verən mina hadisəsi ilə bağlı verdiyi əlavə məlumatda bildirilir ki, Xəsarət alan şəxsin sağ ayağı topuqdan yuxarı nahiyədən travmatik amputasiya edilib, vəziyyəti stabil qiymətləndirilir.

 

Baş Prokurorluq Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində mina partlaması barədə məlumat yayıb.

 

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Həmçinin qeyd olunub ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 295 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 244 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Habil Aslanoğlu, Ziya İsmayılov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv