Sürücü və sərnişinlər arasında sosial məsafə - ŞƏFFAF ARAKƏSMƏLƏR QURAŞDIRILDI

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə paytaxtın ictimai nəqliyyat sistemində görülən tədbirlər davam etdirilir.

 

APA TV-nin xəbərinə görə, bu çərçivədə sərnişinlərlə sürücülər arasında fiziki təması qorumaq üçün şəffaf arakəsmələrin quraşdırılmasına başlanılıb.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyir ki, proses əsasən axşam saatlarında avtobuslar qaraja qayıtdıqdan sonra həyata keçirilir. Artıq son iki gün ərzində 650-dən yuxarı avtobusda şəffaf arakəsmələr quraşdırılıb. “Avtobuslarda arakəsmələrin quraşdırılması bir qədər vaxt aparan məsələdir. Avtobuslar yalnız axşam istehsalat bazasına daxil olduqdan sonra salonlarında işlərin aparılması mümkün olur. Taksi minik avtomobillərində isə bu işlər gün ərzində də həyata keçirilir”.

 

Sürücülər deyir ki, sərnişinlərlə fiziki təmasın qorunmasına görə şəffaf arakəsmələrin quraşdırılması doğru addımdır:

 

- Əvvəl yalnız maska və əlcəkdən istifadə edirdik. Bu da bizi xəstəlikdən qismən qoruyurdu. İndi isə arakəsmələri quraşdırdıqdan sonra sərnişinlərlə təmasda az oluruq. Bu da bizi qoruyur.

 

- Bunun olması virusun qarşısının alınması üçün qoruyucu vasitədir. Daha yaxşıdır.

 

Sərnişinlər də şəffaf arakəsmələrin quraşdırılmasını müsbət addım kimi qiymətləndirir:

 

- Mənim üçün xeyri odur ki, sürücü ilə aramızda yarana biləcək xəstəliyi, təması azaltsın.

 

- Sürücü ilə təmasda olmursan. Sərnişinə də, sürücüyə də xeyri var.

 

Metodik göstərişdən irəli gələn digər məsələlərin icrası ilə də bağlı BNA tərəfindən bütün taksi şirkətlərinə və sərnişindaşıma fəaliyyəti ilə məşğul olan daşıyıcı şirkətlərə tapşırıqlar verilib. Elə buna görə də...

 

Bundan başqa, sürücülərlə sərnişinlər arasında fiziki təmasın qoruması məqsədilə taksilərdə də şəffaf arakəsmələr quraşdırılıb. Artıq ötən gün 300 taksidə də bu cür işlər görülüb.

 

Taksi sürücüləri şəffaf arakəsmələrin infeksiyanın yoluxmasının qarşısının alınmasında mühüm rol oynadığını bildirir:

 

- Bu şəffaf arakəsmələr adətən sürücülərlə müştərilər arasında təması azaltmaq, xəstəlikdən qorumaq üçündür. 99 faiz xəstəlikdən qoruyur.

 

- Bu arakəsmə müştəri ilə sürücü arasında fiziki təması qorumaq üçündür. Bu da ən çox koronavirus xəstəliyindən qorumaq üçündür. Onun üçün quraşdırmışıq.

 

Bunlar koronavirusa səbəbindən paytaxtda görülən qabaqlayıcı tədbirlərdir. Bəs görəsən, bölgələrin aqibəti necə olacaq?

 

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova deyir ki, bununla bağlı lazımi şəxslərə göstəriş verilib: “Bu qaydalara uyğun olaraq DANX da regionlarda fəaliyyət göstərən və icaze.e-gov.az portalından qeydiyyatdan keçən bütün taksilərlə bağlı həm fiziki şəxslərə, həm də daşıyıcı şirkət rəhbərlərinə birbaşa göstəriş verilib. Artıq arakəsmələrlə bağlı pandemiyanın yayılma arealına görə narıncı xəttə düşən həm Gəncə, həm də Lənkəran şəhərində bu prosesə başlanılıb”.

 

Eyni zamanda region avtovağzallarından hərəkət edən rayonlararası və şəhərlərarası avtobuslarda da şəffaf arakəsmələr quraşdırılacaq. Bakı-Sumqayıt, Bakı-Abşeron marşrutu üzrə və Xırdalandan Bakıya doğru hərəkət edən avtobusların daşıyıcılarına bununla bağlı tapşırıq verilib.

 

Elvin Paşazadə,

Faiq Həsənov,

Əli Ələkbərov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv