Sürücülər üçün etibarını itirən etibarnamə - SƏNƏDİN MAHİYYƏTİ NƏDİR?

Xeyli sayda sürücü var ki, avtomobilini öz adına keçirməyib. Belə olduğu halda onlar nəqliyyat vasitəsini etibarnamə əsasında sürür. Yəni başqa bir şəxsdən maşını alarkən ya baş etibarnamə deyilən sənədlə idarə edir, ya da digər şəxsə satır.

 

Ekspertlər deyir ki, adı etibarnamə olan bu kağız etibarlı sənəd deyil. Bu səbəbdən həmin sənədi dövriyyədən çıxarmaq lazımdır:

 

Nəqliyyat vasitələri üçün verilən və sürmək üçün məcburi olan etibarnamələri ləğv etmək lazımdır. Ən yaxşısı bu olar. Sürmək üçün etibarnaməni dövriyyədən çıxarandan sonra bir çox problemlər aradan qalxacaq”.

 

Məsələ ilə bağlı sürücülərin də fikirləri birmənalıdır. Onlar hazırda etibarnamənin əsassız olduğunu söyləyir:

 

“Məncə, etibarnaməyə ehtiyac yoxdur. Kiməsə etibar edib vermişəmsə, maşını qaçırtsa, şikayət edərəm”.

 

“Mənim texniki pasportum səndədirsə, güvəndiyim bir insandadırsa, etibarnaməyə ehtiyac qalmır. Ən əsası da ata ilə oğul arasında etibarnaməyə niyə ehtiyacın olması mənə çatmır. Yəni nə ehtiyac var ki, gedim növbə gözləyim, yazılı sənəd verim, üstəlik, cibimdən pul ödəyim?”

 

Sözügedən sənəd əsasında məhkəmələrdə bir çox problemlər yaranır. Bu da daha çox  mülkiyyətçinin maşını etibarnamə əsasında satması ilə bağlıdır. Vəkillər bildirir ki, etibarnamə alqı-satqı müqaviləsi hesab edilmir. Sənədin mahiyyəti, sadəcə, həmin əmlakın digər şəxsə etibar edilməsidir:

 

“Lakin etibarnamə alqı-satqı müqaviləsi hesab edilmir. Etibarnamə, sadəcə, həmin əmlakın digər şəxsə etibar edilməsidir. Əgər etibarnamə əsasında avtomobil idarə olunursa və mülkiyyətçinin hər hansı şəxsə, banka borcu və yaxud məhkəmə mübahisəsi varsa, bu halda məhkəmədə həmin şəxsin əmlakı yoxlanılacaq. Sorğu nəticəsində BDYPİ-dən yoxlanıla bilər. Həmin mülkiyyətçinin əmlakına həbs qoyula və onun əlindən alına bilər”.

 

Bu problemin yaşanmaması üçün sürücülər avtomobili etibarnamə ilə deyil, alqı-satqı yolu ilə öz adına keçirərək idarə etməlidir. Ən azından sonrakı peşmanlığın fayda verməsi üçün.

 

Elvin Paşazadə

Üzeyir Ağayev

Əli Ələkbərov

Müəllif | Apa.Tv
Apa.tv