“Şuşa, gözlə, gəlirəm” deyib müharibəyə yollandı - REPORTAJ
Beyləqan rayonunun Kəbirli kəndi 44 günlük Vətən Müharibəsində 17 şəhid verib. Onlardan biri də gizir Famil Həsənzadədir.
Famil Şiraslan oğlu Həsənzadə 22 mart 1994-cü ildə dünyaya gəlib. O, Füzulidən Şuşaya qədər şərəfli döyüş yolu keçib. Vətən Müharibəsinin 42-ci günündə - noyabrın 7-də Şuşa ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.
Şəhidin qardaşı Şamil onun yoxluğunu hələ də qəbul edə bilmir. Çünki Famil və Şamil Həsənzadə qardaşlarının döyüş yolu eyni vaxtda başlayıb: “2014-cü ildən bir hərbi hissədə xidmət edirdik. Gizirlik kursuna da birlikdə getdik, başa çatdırıb gələndən sonra döyüş yolumuz da eyni olub. Füzuli istiqamətində başladıq, Füzulidən düz Şuşaya qədər birlikdə döyüşmüşük. Şuşa uğrunda gedən döyüşlərdə noyabrın 7-si günü qardaşım qəhrəmancasına şəhid oldu”.
Anası Aybəniz Həsənova deyir ki, Familin qəhrəmanlığı ilə qürur duyur: “Mənim balam çox ağıllı, çox zəhmətkeş, çox vətənə bağlı idi. Onun telefonu bayraq şəkilləri ilə dolu idi. İşində də həmişə çalışqan olub. 42 gündə bircə dəfə də olsun, evə gəlmədi. Şuşa alınan gün onun anım günü oldu”.
Atası Şiraslan Həsənovun sözlərinə görə, Famil Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşüb: “Famil ayın 25-i gizirlik kursundan evə gəldi. Bircə gecə bu evdə yatdı. Bizə müharibə başladığını demədi. Sonradan biz onun telefonunu açanda gördük ki, telefonuna “Şuşa, gözlə, gəlirəm” yazıb”.
Kəbirli kəndinin Vətən Müharibəsindəki sonuncu şəhidi məhz Famil Həsənzadə olub. İndi həmin 17 məzar kənd sakinləri üçün and yerinə çevrilib: “Qardaşım Həsənzadə Famillə fəxr edirəm. Fəxr edirəm ki, mənim elə igid, qəhrəman qardaşım var”.
Şəhid gizir Famil Həsənzadə ölümündən sonra “Vətən uğrunda” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Habil Aslanoğlu
Ziya İsmayılov