Şuşa susuz qalmayacaq: Hər yerdə həyat qaynayır
Şuşa işğaldan azad edildikdən qısa müddət sonra dövlət başçısının tapşırığı ilə “Azərsu” ASC-nin mütəxəssislərindən ibarət qrup əraziyə ezam olunub. Mütəxəssislər tərəfindən su mənbələri, magistral xətlər, anbarlar və paylayıcı şəbəkələrin mövcud vəziyyəti araşdırılıb. Məlum olub ki, düşmən tərəf şəhəri tərk edərkən Şuşanı içməli su ilə təmin edən magistral su kəmərlərini də sıradan çıxarıb. Müdafiə Nazirliyinin müvafiq bölmələri ilə birgə təhlükəsizlik tədbirləri görülməklə şəhərin əsas su mənbəyi olan Kiçik-Kirs mənbəyi və Kiçik Kirs-Şuşa magistral su kəmərinin texniki vəziyyəti təftiş olunub və dərhal bərpa tədbirlərinə başlanılıb. Mürəkkəb relyefə malik ərazidə, meşə və dağ şəraitində magistral su kəmərinin qəzalı hissələri təmir edilib və 25 noyabr 2020-ci il tarixində Şuşa şəhərinə suyun verilişi təmin olunub. Buna qədər isə təxirəsalınmaz tədbir kimi Daşaltı kəndində sugötürücü məntəqə yaradılmışdı və maşınlarla şəhərə suyun daşınması təmin edilirdi. Şuşa şəhərinin bir mənbədən asılılığını aradan qaldırmaq üçün Zarıslı sugötürücü qurğusu, 11 km uzunluğunda Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələri bərpa olunub və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilişi təmin edilib. 2021-ci ili sonlarında Şuşa şəhərinin içməli su təchizatının yenidən qurulması layihəsinin ilkin mərhələsi üzrə işlərə başlanılıb. Layihə çərçivəsində Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 km-lik hissəsi dəyişdirilib. Şuşa şəhərinin perspektiv inkişafı, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrinin tələbatı ödəməyəcəyi nəzərə alınaraq alternativ mənbənin yaradılmasına qərar verilib. Və...
Mürəkkəb relyefdə çayın qarşısında bəndin inşası ilə paralel burada toplanan suyun şəhərə nəqli məqsədilə yüksək təzyiqə hesablanmış müasir nasos stansiyası və polad borularla 2,6 km uzunluğunda kəmər inşa edilib. Nasos stansiyasında hər birinin məhsuldarlığı saatda 105 kubmetr təşkil edən 4 ədəd aqreqat quraşdırılıb. Sutoplayıcı bənddən götürülən su nasoslar vasitəsilə 26-27 atmosfer təzyiqlə Şuşa şəhərində yerləşən anbarlara nəql olunur və buradan özüaxımlı rejimdə şəbəkəyə ötürülür.
Bundan başqa, təsdiqlənmiş layihəyə uyğun olaraq Şuşa şəhərinin relyef baxımından hündür nöqtələrində 2 ədəd mərkəzi anbarın tikintisinə də başlanılıb.
Qeyd edək ki, hazırda “Azərsu” ASC tərəfindən Şuşa şəhərində fasiləsiz xidmət təşkil edilib. Xidmət briqadaları mənbələrdə, magistral kəmərlərdə və şəhərdaxili paylayıcı şəbəkələrədə yarana biləcək problemlərin operativ həlli məqsədilə fəaliyyət göstərirlər.