Şuşa və Laçında məskunlaşacaq şəxslərə pul veriləcək

Bu ilin ikinci rübündə Laçın şəhərinə, Zabux və Sus kəndlərinə, həmçinin Şuşa şəhərinə 1400-dən artıq ailənin qayıdışı baş tutacaq.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, Laçın şəhər, Zabux və Sus kənd sakinlərinin doğma yurda qayıdışı ilə bağlı komitə əməkdaşları tərəfindən keçirilən sorğu başa çatıb, kənd sakinlərinin böyük əksəriyyəti qayıtmaq niyyətində olduqlarını bildiriblər.

 

Bu il Laçın rayonun ilk sakinlərinin qayıdışı təmin ediləcək. Laçın şəhərinə 500 ailə, Zabux kəndinə 223, Sus kəndinə 73 ailənin qayıdışı həyata keçiriləcək. Bundan əlavə 450 ailə Şuşaya, 113 ailə isə Zəngilan rayonunun Ağalı kəndinə köçürüləcək. Köçürülmə mərhələli şəkildə icra ediləcək.

 

Məlumat üçün bildirək ki, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmaq istəyən vətəndaşlar bunun üçün ərizə ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etməli və hansı rayonda yaşamaq istədiyini bildirməlidir. Məcburi köçkünlərlə yanaşı digər şəxslər də Qarabağda yaşamaq üçün ərizə verə bilərlər. Bərpa və qurucluq işləri tamamlandıqdan sonra mərhələli şəkildə insanların həmin ərazilərə yerləşdirilməsi baş tutacaq. Müraciətlərə baxılarkən ilkin olaraq məcburi köçkünlərin məskunlaşması baş tuacaq. İşğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq şəxslərə müavinətin verilməsi, məşğulluq probleminin həlli istiqamətində müəyyən güzəştlərin edilməsi də nəzərdə tutulub.

Müəllif | Apa.Tv
Apa.tv