Şuşada dəhşət: “6 skeletin qarın boşluğunda nal mismarları aşkarlandı”

 

Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid olduğu ehtimal edilən insan qalıqları tapılıb. Beynəlxalq təşkilatın ekspertlərinin iştirakı ilə Şuşa şəhərində yerləşən keçmiş həbsxana ərazisində qazıntı həyata keçirilib. Öncə iyun ayının 2-də burada aşkarlanan 4 nəfərlik məzarlığın yaxınlığında təhqiqat işləri aparılıb və müəyyən olunub ki, bu ərazidə daha çox insan qalıqları dəfn olunub. Bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Zaur İsmayılov deyib. Onun sözlərinə görə, aparılan qazıntı işləri nəticəsində iyunun 12-dən 24-dək 13 nəfərə aid qalıqlar aşkar edilib. 1-dən 15-dək davam edən növbəti mərhələdə isə bu kütləvi məzarlıq tapılıb. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı onu da qeyd edib ki, Şuşa həbsxanasının ərazisində yay ərzində ümumilikdə 34 nəfərin qalıqları aşkar edilib. Şuşa həbsxanasında ermənilərin əsirliyində olan Həbib Kazımovun sözlərinə görə, elə əsir yoldaşları olub ki, onları iş görmək adı ilə aparıb gətirməyiblər. O bildirir ki, əsir yoldaşları vəhşicəsinə öldürülərək həbsxana ərazisində basdırılıb: Cavid Hüseynov da Şuşa həbsxanasında erməni əsirliyində olan şəxslərdəndir. O bildirir ki, birinci Qarabağ müharibəsi zamanı 1 il 8 ay əsir həyatı yaşayıb. 8 ay Xankəndidə, ondan sonra Şuşa həbsxanasında olub. Şuşa həbsxanasında olmazın işgəncələrlə yaşayıb. Hərbi Prokurorluğun Xüsusi istintaq şöbəsinin rəisi Emil Tağıyev isə bildirib ki, Ermənilər 1480 azərbaycanlını əsr və girovluqda saxladıqları müddətdə işgəncə və digər qəddar qeyri-insani rəftara məruz qoyublar. Emil Tağıyev vurğulayıb ki, tapılan qalıqlar saxlanılan azərbaycanlıların qəddarcasına verilən işgəncə nəticəsində həyatlarını itirdiklərini deməyə əsas verir. Onları döyməklə, saçlarını kəsmək və s. üsullarla təhqir edib, üzərlərinə itləri buraxmaqla, donuzlara yedizdirməklə və digər vəhşi üsullarla qətlə yetiriblər, sonra isə Şuşa həbsxananın ərazisində basdırıblar. Habil Aslanoğlu, Emin Babayev, APA TV
 

Müəllif | Apa.Tv
Apa.tv