Şuşada şəhid olan xüsusi təyinatlı “Mixaylo” - REPORTAJ
Vətən Müharibəsində qəhrəmancasına şəhid olan tağım komandiri, kiçik gizir Mehti Yalçın oğlu Şıxəliyev 16 fevral 1996-cı ildə Hacıqabul rayonunda anadan olub.
APA TV-nin xəbərinə görə, 6 il xüsusi təyinatlı qrupda xidmət edən Mehti 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olub.
İkinci Qarabağ Müharibəsində bir çox həlledici döyüşlərdə iştirak edib. Füzuli, Zəngilan, Qubadlı və Cəbrayılda düşmən sədlərini yararaq texnika və maşınlarını məhv edib. Şuşanın alınmasında igidlik göstərən xüsusi təyinatlılardan biri olub. Müharibənin qurtarmasına saatlar qalmış - noyabrın 9-da Şuşa şəhərində qəhrəmancasına şəhid olub.
Anası Şəlalə Şıxəliyeva deyir ki, Mehti Xüsusi Təyinatlı Qüvvələrdə xidməti özü seçib, o da valideyn kimi xeyir-dua verib. Çünki onun uşaq vaxtından hərbiyə həvəsi olub: “11-ci sinifdə artıq qərar vermişdi ki, mən hərbçi olacağam. Xüsusi Təyinatlı Qüvvələri seçmişdi. Onun arzusu idi. Əsgərliyə getdi, Tərtərdə xidmət elədi. Zəng vurub dedi ki, ana, mən xüsusi təyinatlı qüvvələrə gedəcəyəm. Mən də xeyir-dua verdim, yola saldım. Çünki bu onun arzusu idi. Daha sonra kursa getdi. İlk öncə Aprel döyüşlərində iştirak etdi. Çox igid, qoçaq idi. Çox gec-gec əlaqə saxlayırdı. Hər zəng edəndə tək onu deyirdi ki, özünüzdən muğayat olun, məndən ötrü narahat olmayın!”
Anası sonuncu dəfə onunla oktyabrın 20-də danışıb: “Ondan sonra əlaqəmiz olmadı. 9 noyabr onun şəhadətə yetişdiyi gündür. Bizə 12-si xəbər gəldi. Əslində biz yoldaşımla hiss eləmişdik. Soyuq idi bizə - atasına da, mənə də. Hiss edirdik onu yoxluğunu. Şəhid olmamışdan 15 gün qabaq yuxuma girdi. Gördüm gəlir, üzü nur saçırdı. Çox işıqlı, gözəl bir siması var idi. Dedi, ana, gəlmə, özüm gəlirəm!”
Atası Yalçın Şıxəliyev oğlunu qayğıkeş, ailəsinə can yandıran biri kimi xatırlayır. Deyir ki, 6 illik xidməti dövründə öz işindən bircə kəlmə də danışmazdı: “Hər 3 aydan bir gəlirdi evə. Evin, ata-ananın qayğısını çəkən idi. 6 illik xidməti dövründə bir ayının maaşını belə tam götürüb xərcləməmişdi. 300 manat cib xərcliyi götürərdi, qalanın göndərərdi evə”.
Atası əsgər yoldaşlarının ona “Mixaylo” ləqəbi verdiyini deyir: “Axırıncı dəfə danışa bilmədim, kövrəldim, verdim anasına. Axşam gördüm mənə zəng edib. Dedi, ata, nə olub sənə, dedim, ay bala, odun-alovun içindəsən, narahat oluram. Dedi, ata, bilmirsən mənim işim budur. Arxayın ol, heç nə olası deyil. Məni sakitləşdirdi. Rahat oldum. Axırıncı dəfə də oktyabrın 20-də zəng elədi, dedi ki, mənə 10-15 gün zəng çatmayacaq, özüm zəng edəcəyəm. Amma 2 sonra zəng elədi ki, pul göndərmişəm, get götür. Sonra zəng edib ki, mənim qurbanım var boynumda, gedin alın kəsin. Biz də aldıq kəsdik, qonum-qonşuya payladıq. Elə bil hər şeyi bilirmiş”.
Mehti ata-anasını qardaşı Xalid Şıxəliyevə tapşırıb. Qardaşı deyir ki, Murov yüksəkliyinə “Spayk” silahını qaldırıb, düşmənin 17 nəfərlik maşınını partlatdığını yoldaşları danışıb: “Aprel döyüşlərində olub, amma bizə o döyüş barədə heç nə danışmırdı. Bir dostu var idi, ona bir video atmışdı, deyib ki, bunu məndən xatirə saxla. Dostu da deyib ki, getdiyin kimi də qayıt. Heç vaxt məğlubiyyətlə barışmazdı. İstəyi qələbə ilə qayıtmaq idi”.
Bacısı Aysel Feyzullayeva qardaşının son vaxtlar tez-tez yuxusuna girdiyin deyir: “Çox fəxr edirdim onunla. İndi də fəxr edirəm ki, şəhid bacısıyam. İgidliklə döyüşən qardaşımla fəxr edirəm. Torpaqlarımız azad olunduqca, necə sevinirdim. Deyirdim, qardaşım sağ-salamat qayıdacaq, onunla fəxr edəcəyəm. Müharibənin bitməsinə saatlar qalmış qardaşım şəhid oldu”.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə kiçik gizir Mehti Şıxəliyev ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib. Allah rəhmət eləsin!
Əlibəy Zeynallı
Elçin Həsənov