Şuşadakı evlərin qapılarındakı əsgər şəkilləri görün kimlərin imiş - İLK DƏFƏ EŞİDƏCƏYİNİZ DETAL

Azərbaycan müsiqisinin beşiyi, Qarabağın incisi, tariximizin ən möhtəşəm şəhəri, əziz Şuşa, sən azadsan!

 

Ali Baş Komandanın qətiyyətli duruşu, Azərbaycan igidlərinin gözündəki qığılcım, qolundakı güc, köksündəki sevgi, damarındakı qan azad etdi Şuşamızı! Hər küçəsində, hər həyətində bir azərbaycanlı igid düşmən yaraqlıları ilə əlbəyaxa savaşlara girdi... hər qarışında düşmənə kim olduğumuzla bağlı unudulmaz dərs verə-verə azad etdi hənirinə həsrət qaldığımız yuvamızı.

Savaş titanına çevrilən Azərbaycan əsgəri Vətənin hər daşı, hər qarışı uğrunda döyüşməyin, qazi, şəhid olmağın üslubunu, ədəb-ərkanını göstərdi dünyaya.

 

Tarix bizə anlatdı ki, Şuşaya görə hər şeyə dözməyə dəyər, amma təkcə ayrılığına tab etməməliyik. Edə bilmədik də... 28 ilin intizarı, həsrəti içimizi o qədər qasıb-qovurub ki, indi Şuşada olanda da Şuşa üçün darıxırıq. Bir anlıq da olsa, gözümüzdən qırağa qoymaq istəmir, dumana-sisə qarışan hənirindən doya bilmirik.

 

Bir insan nə qədər həsrət çəkməlidir ki, gözləri ilə yolları oxşasın, daşa-divara tumar çəksin, yağışı-qarı əzizləsin?.. Bir müharibə necə olmalı və nə ilə nəticələnməlidir ki, insan insan olduğuna görə utanmasın, özünü daha çox sevsin, bütövləşdiyini bütün hüceyrələrində hiss etsin?..  Şuşanın azadlığı uğrunda gedən döyüşlər bizə həm də savaşa minnətdar olmağı öyrətdi.

 

Biz indi gələcək nəsillər üçün dastan yaradanlara çevrilmişik. Təbii ki, çiynində yük, yalın əllə qayalara dırmaşan, sadəcə bıçaqla ağır silahlanmış düşməni iti qovan kimi qovan, Vətənin gözəl qızı Şuşanı yağının caynağından azad edən igid qərhəmanların timsalında.  

 

Səni heç ölüm də bizdən ala bilməz, Şuşa! Necə ki, ala bilmədi...

 

Nurlanə Hacıyeva, Xəyal İsgəndərov, APA TV, Şuşa.

 

Müəllif | Apa.Tv
Apa.tv