Şuşadakı fotosu dastan olan şəhid - REPORTAJ

Onun özündən əvvəl fotosunu gördük. Onu adından qabaq fotosu tanıtdı. Bu foto həm də Şuşa döyüşlərinin və ümumilikdə Vətən Müharibəsinin simvollarından birinə çevrildi.

 

APA TV-nin məlumatına görə, hərbi xidmətə yollanan zaman valideynlərinə “Mən də Mübariz İbrahimov kimi qəhrəman olacağam” deyib Hüseyn.

 

Vətən Müharibəsinin şəhidi Hüseyn Rasim oğlu Xəlilov 27 mart 2002-ci ildə Bakının Nardaran qəsəbəsində anadan olub. Müharibənin sonuncu günündə, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Minaatan mərmisinin partlaması nəticəsində başından ağır yaralanan qəhrəmanımız düz 6 ay komada qalıb və bu ilin aprel ayının 25-də gözlərini dünya işığına əbədi olaraq yumub.

 

Şəhidimizin valideynləri – atası Rasim, anası Zəminə deyir ki, gənc Hüseyn şəhid olacağını sanki qabaqcadan bilirmiş. Hətta müharibə olmadığı vaxtlarda belə bunun xəyalını qururmuş:  “Şuşaya döyüşə gedəcəyəm deyirdi. Gələndə şəhid kimi qayıdacağam deyirdi. Dedim ki, Hüseyn, o nə sözdür, elə danışma. Eyni sözü anasına da deyib. Elə bil bu uşağın ürəyinə dammışdı ki, gedib şəhid olacaq”. “Arzuları çox idi. Deyirdi, mən idmançı olacağam. Ana, mənimlə fəxr edəcəksən deyirdi. Həmişə əsgər gedəcəyəm deyirdi. Görərsiniz, vuruşacağam, erməniləri biçəcəyəm, Mübariz kimi gələcəyəm, məni hamı tanıyacaq. Qışqırırdıq üstünə ki, niyə elə deyirsən. Deyirdi, mən düz deyirəm. Görərsiniz, mən Mübariz kimi olacağam. Telefonunda ancaq onun şəkilləri idi. Arxivi ancaq onda idi. Baxırdı və deyirdi ki, mən də onun kimi olacağam”.

 

Müharibə başlananda Hüseyn Xəlilov 6 ayın əsgəri idi. Qısa müddət xidmət etməsinə baxmayaraq, peşəkar bir snayper kimi yetişir. Hüseyn döyüşlərin gedişində cəbhənin Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut və Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə misilsiz qəhrəmanlıqlar göstərərək onlarla erməni hərbçisini məhv edir. Hüseynin qəhrəmanlıqları bununla yekunlaşmır.

 

Hüseyn dəfələrlə yaralanmış döyüş yoldaşlarını odun-alovun içərisindən çıxarıb. Atası deyir ki, belə şəxslərdən biri də döyüş yoldaşı Elvin olub: “Ona zəng etdim. Elvinin nömrəsini verdi, dedi ki, ata, Elvinlə arada danışarsan. Ara-sıra zəngləşirdik. Bir gün zəng vurdum ki, Elvin, hardasınız, nə edirsiniz. Dedi ki, dayı, mən yaralanmışam, yanımda bomba partlayıb. Halal olsun sənin canavar kimi oğluna. Məni odun, alovun içindən o çıxardı. Götürdü təxliyə maşınına mindirdi, yola saldı”.

 

Anası Zəminə Zamanova deyir ki, oğlu ondan sonuncu dəfə halallıq istəyib: “Dedi, mama, sağ-salamat gəlsəm, mənim üçün A-51 telefon istəyirəm. Dedim ki, sağ-salamat gəl, nə istəsən, alaram sənə. Son sözü də bu oldu ki, ana, haqqını halal elə, bu gün Şuşaya gedirəm. Dedi, burda 2 mindən çox əsgər var. Gedirik, yola düşürük. Dua elə bizlərə. Dedim, ay bala, hər gün dua edirəm, namaz qılıram sənə və digər əsgərlərə görə ki, sağ-salamat gələsiniz. Ana, Şuşanı alsaq, qələbə xəbərini özüm deyəcəm sənə. Amma uşağıma nəsib olmadı o xəbəri demək”.

 

Atasının sözlərinə görə, Hüseyn komandirinə bura şəhid olmağa gəldiyini bildirib: “Komandiri bizə gəlmişdi. O deyirdi ki, Hüseyn ona komandir yox, dayı deyə müraciət edirmiş. Komandir danışır ki, ermənilərin içi ilə keçib gedirdik. Sağımız da, solumuz da erməni idi. Komandir deyir, mən artıq gedə bilmirdim. Ayaqlarım dalımca gəlmirdi. Deyir, Hüseyn dəstədən çıxıb dedi ki, dayı, bəs gəl də. Deyib ki, Hüseyn, sən get, mən gələrəm. Hüseyn deyib ki, yox, sən getməsən, mən də getməyəcəm. Güllədən qorxmurdu deyir. Deyib ki, güllələr yağır, muğayat ol. Son sözü olub ki, biz bura şəhid olmağa gəlmişik”.

 

Hüseyn müharibə başlayan gündən davamı telefon zəngləri ilə valideynlərini nigaran qoymamağa çalışıb. Sonuncu zəngi isə noyabrın 2-də olub: “Zəng elədi ki, ata, bəs Füzulidəyik, az qalıb. Sonra üstündən 2-3 saat keçəndən sonra yenə zəng vurdu. Dedi, mənim üçün dua edin, Şuşaya gedirik. Şuşaya gedəndən sonra noyabrın 2-dən 11-ə kimi zəngi olmayıb. Ayın 12-də xəbər tutduq ki, başdan qəlpə yarası alıb, Bakıdakı hərbi hospitaldadır”.

 

Cüdo idman növü ilə məşğul olan Hüseyn dəfələrlə Bakı birinciliklərinin, ölkə çempionatlarının qalibi olub. Anası Zəminə xanım deyir ki, oğlu idmançı olduğuna görə hərbi xidmətə tez uyğunlaşa bilib. Ana öz oğlunu əsgərliyə yola salmasını belə xatırlayır: “Sübh tezdən idi. Quranın altından keçirdik onu. Bərk-bərk qucaqladı məni, dedi, haqqını halal elə. Ola bilsin, getdim, qayıtmadım. Dedim, elə söz demə, Hüseyn. Müharibə yoxdur onsuz da, normal əsgərlər kimi sən də xidmətini başa vurub gələcəksən. Öpdü, bərk-bərk qucaqladı məni. Gedəndən bir az sonra qayıdıb gəldi. Mən evdə oturub ağlayırdım. Sənədləri yadından çıxdığı üçün qayıdıb gəlmişdi. Gördü ağlayıram. Baxdı belə mənə. Başını yelləyərək bildirdi ki, ağlama. Çıxdı getdi, o gedən oldu”.

 

Aylarla komada qalan Hüseynin vəziyyəti getdikcə pisləşir. Amma valideynləri deyir ki, övladları komada olsa da, sanki onların dediyi hər şeyi başa düşürmüş: “Deyirdim, Hüseyn başa düşürsən. Gözü ilə işarə edirdi ki, hə. Danışa bilmirdi, gözləri ilə hər şeyi ifadə edirdi. Dayanıb düz üzümə baxırdı. Deyirdim, Hüseyn, ata bu tərəfdə durub. Gözünü yumub açırdı və baxırdı. Deyirdim, başa düşürsən ata sənə deyir. Gözü ilə hə deyirdi. Hər şeyi başa düşürdü. Amma danışa bilmirdi”. “Bayramda, 8 martda getdim yanına Dedim, Hüseyn, mama gəlib yanına. Məni təbrik edərsən? Gözünü yumub başladı ağlamağa. Başını yelləyərək bildirdi ki, yəni təbrik edirəm. Sonra dedim ki, mənim üçün ən gözəl bayram sənin ayağa durmağındır, təki sən ayağa qalx. Yenə gözünü yumub açdı ki, ayağa duracağam. Atası hər dəfə yanına gedəndə deyirdi ki, Hüseyn, söz verirsən mənə, duracaqsan ayağa. Gözü ilə hə deyirdi. Amma dura bilmədi”.

 

Hüseynin bir zamanlar təhsil aldığı Nardaran qəsəbəsindəki 295 saylı tam orta məktəbin direktoru Dilarə Cəbrayılova onu nizam-intizamlı, məktəbin ictimai-siyasi həyatında fəal iştirak edən bir şagird kimi xatırlayır: “Hüseyn məktəbin ictimai-siyasi həyatında çox fəal bir şagird olub, məzun olub. Hər dəfə məktəbdə hansısa tədbir keçiriləndə Hüseyn bu tədbirlərdə iştirak edib. Hüseyn idmanı çox sevirdi və hər dəfə hansısa bir nailiyyət əldə edəndə onu bizimlə bölüşərdi. Çox xeyirxah şagird kimi yaddaşımda qalıb. Digər şagirdlərə, dostlarına qarşı hər zaman yardım etmək kimi amalı var idi”.

 

Döyüş meydanında düşmənə qan udduran, neçə-neçə ermənini cəhənnəmə vasil edən canavar ləqəbli Hüseyn Rasim oğlu Xəlilov “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. O, altı aya yaxın komada qaldıqdan sonra bu il aprelin 25-də vəfat edib və bir gün sonra doğulduğu Nardaran qəsəbəsində dəfn olunub. Allah rəhmət eləsin!

 

Həmidağa Məcidov,

Faiq Həsənov,

APA TV

Müəllif | Apa.Tv
Apa.tv