Şuşadan yadigar qalan bayraq – MASALLI SAKİNİ ONU ŞUŞAYA SANCMAQ ARZUSUNDADIR
Masallıdakı muzeydə bir bayraq var ki, qədimiliyi ilə seçilən eksponatlar onun yanında kölgədə qalır.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, gördüyünüz bu muzeyi təxminən 20 il əvvəl Xırmandalı kənd sakini Əmirəli Yaqubov yaradıb. Muzeydə olan eksponatlar əsasən qədimi məişət və təsərrüfat əşyalarıdır. Ümumilikdə burada olan eksponatların sayı 800-ə yaxındır. Lakin muzeydə qorunub saxlanılan ən dəyərli eksponat şanlı Azərbaycan Bayrağıdır. Bu bayraq digərlərindən fərqlənir: “Bu bayraq Xalq Cəbhəsi dövründə ilk buraxılan bayraqlardandır. Aidiyyəti qurumlar üçün bu bayraq buraxılıb. Məndə olan məlumata görə, bu bayraq Şuşa şəhərinin Qərargahında olub. Şuşa işğal olunan vaxt bu bayraq bir əsgərin əlində olub, 7 il saxlayıb özündə. Qanlı bütün döyüşlərdə iştirak edib bu bayraq. Bu bayraq mənə gələndə bunun üzərində qan ləkələri var idi. Mən qanı yuduzdurdum, bilmədən. Sonra dərk elədim ki, hətta bu, şəhidlərin üzərinə sərilmiş bayraq olub”.
Bayraq 7 il əvvəl Əmirəli Yaqubova dostu tərəfindən hədiyyə edilib. 1992-ci ildə Şuşa şəhəri işğal edilərkən ermənilərin əlinə keçməsin deyə bir zabitin qoruyub saxladığı bayraq indi bu muzeydə saxlanılır. Əvvəlki illərdə məhz bu dəyərli eksponata görə, muzeyə baş çəkənlər az olmayıb, lakin son dövrlərdə, xüsusən çağırışçılar və könüllü olaraq cəbhəyə döyüşməyə gedənlər şanlı bayrağI ziyarət etməyi özlərinə borc bilirlər.
Bu hal Əmirəli kişini çox qürurlandırır və rəşadətli Azərbaycan Ordusunun qazandığı zəfərlərin nəticəsində arzusunun tezliklə gerçəkləşəcəyinə hər gün daha çox inanır: “Mən də bu bayrağı gözüm kimi qoruyub saxlayıram. Arzum budur ki, neçə illərdir gözləyirəm. Şuşa şəhərimiz işğaldan azad olsun, bu bayraq yenidən orada dalğalansın. Özüm aparsam, bir az daha arzum yerinə yetmiş olar”.
Əmirəli kişinin bu işə böyük marağı olduğundan eksponatları da öz vəsaiti hesabına əldə edib. Muzeydəki fotostendlərdə Böyük Vətən Müharibəsində həyatını itirən, eyni zamanda 1-ci Qarabağ Müharibəsi zamanı şəhid olan Xırmandalı kənd sakinləri, onların medalları və özləri haqqında məlumatlar da var.
Tural Kərimov
Rövşən Əzimov
APA TV