Şuşanı fəth edən şəhid Xəyal Əhədzadənin döyüş yolu
Şəhid Xəyal Əlövsət oğlu Əhədzadə 1998-ci il avqustun 21-də Lənkəran rayonunun Nərimanabad qəsəbəsində anadan olub. O, Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi idi. Boks üzrə məktəblilər arasında 40 kq çəki dərəcəsində Azərbaycan birinciliyinin qalibi və yeniyetmələr arasında ölkə çempionatının iştirakçısı olub. Arzusu hərbiçi və idmançı olmaq idi. Hərbi xidmətini N saylı hərbi hissənin Xüsusi Təyinatlı Qüvvələrinin sıralarında aparıb. Həqiqi hərbi xidməti başa vurduqdan sonra hərbidə qalıb xidmətini gizir kimi davam edib. O, öz dəstəsi ilə 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Füzulidən Şuşaya qədər döyüş yolu keçib.
Xəyal Əhədzadə 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınmasında da böyük fədakarlıq göstərib. Döyüşlərin birində onun döyüşçü yoldaşı yaralanır. Neytral zonadan onu çıxartmağa çalışıb.
Vətən müharibəsi zamanı düşmənə sarsıdıcı zərbə vuraraq böyük qəhrəmanlıq göstərən snayper Xəyal Əhədzadə hələ sağlığında “Azərbaycan Bayrağı” ordeninə, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb. Ümumilikdə 9 medalı və 2 ordeni var.
Lənkəran rayonunun Separadi kənd məktəbinə şəhidin adının verilməsi üçün təklif irəli sürülüb.