Şuşanın işğalının ildönümü Milli Məclisdə mübahisəyə səbəb oldu

“Şuşanın işğal edilməsində AXC-Müsavat cütlüyünün rolu az deyil”.

 

APA TV-nin xəbərinə görə, bu sözləri deputat Cavid Osmanov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

 

O bildirib ki, AXC-Müsavat cütlüyü Azərbaycan xalqına xəyanət edərək, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dəstək verib: “Xəyanətkarların, satqınların toplaşdığı Milli Şura adlı qurum Ermənistanın səfirliyi, Əli Kərimli isə Ermənistanın səfiri funksiyasını yerinə yetirir. Mən hüquq-mühafizə orqanlarına çağırış edirəm ki, Azərbaycan xalqını hər gün təhqir edən insanların, dövlətimizə, müstəqilliyimizə, xalqımıza xəyanət edənlərin əməllərinə hüquqi qiymət verilməsinin vaxtıdır”.

 

Deputat Sabir Rüstəmxanlı isə həmkarını diqqətli olmağa çağırıb: “Cavan deputatlar ki, o hadisələrin şahidi olmayıblar, bəzən səthi bilikləri ilə danışırlar, onlar bu barədə bir az diqqətli olmalıdırlar. Vaxtilə Xocalı soyqırımı ilə bağlı səsləndirilən ehtiyatsız fikirlərlə biz düşmənlərin əlinə bəhanə verdik. İllərdir ermənilər bu məsələdən istifadə edirlər. İndi də belə fikirlər səslənir ki, sanki Şuşanı da biz özümüz vermişik. A qardaş, bu cür danışmaq olmaz axı. Bura Milli Məclisdir”.

 

Spiker Sahibə Qafarova çıxışı kəsərək, gündəlikdəki məsələnin başqa olduğunu bildirib.

 

Birinci vitse-spiker Əli Hüseynli qeyd edib ki, heç kim Şuşanın ermənilər tərəfindən işğal olunmadığını, bizimkilər tərəfindən təhvil verildiyini deməyib: “Şuşanın işğalına hüquqi qiymət verilərkən Şuşanın işğalına şərait yaradılmasına da qiymət verilib”.

 

Deputat Qüdrət Həsənquliyev də çıxışında bəzi həmkarlarını danışarkən diqqətli olmağa çağırıb: “Azərbaycanda bütün hakimiyyətlərin dövründə torpaqlarımız işğal olunub. Bütün xalqların içərisində xəyanətkarlar olub və olacaq. Amma biz bəzi məsələlər barədə danışanda ehtiyatlı olmalıyıq. Rəhmətlik Əbülfəz Elçibəy deyirdi ki, “torpaq bərk olanda öküz öküzdən görür”. İndi torpaqlarımızın hansı yolla azad olunmasından danışmalıyıq. Amma başlamışıq bir-birimizi ittiham etməyə”.

 

Qeyd edək ki, bu gün Şuşanın Ermənistan tərəfindən işğalının 28-ci ili tamam olur.

Müəllif | Apa.Tv
Apa.tv