“Şuşaya aparacam” deyib, 470 alimdən 33 min manat topladı, amma...

AMEA-nın Folklor İnstitutu, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Qafqazşünaslıq İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, Mərkəzi Elmi Kitabxanası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun (İKSAD) birgə təşkilatçılığı ilə sabah Bakıda “Qarabağ üçüncü beynəlxalq araşdırmalar” konfransı keçiriləcək. Bir çox alim iddia edir ki, tədbirin təşkili ərəfəsində “Şuşaya səfər” adı altında onlara qarşı dələduzluq edilib. AMEA-nın əməkdaşı, filologiya elmləri üzrə fəlsəfə doktoru Vüsalə Ağabəyli və AMEA-nın baş elmi işçisi Səltənət Ağayeva Lent.az-a bildirib ki, Əlvan Cəfərov adlı şəxs onlara Şuşada elmi konfrans təşkil edildiyini deyib, alimlər də böyük həvəslə bu konfransda iştirak etmək istəyiblər. Konfransda iştirak ödənişli əsaslarla olub. 450 nəfərdən 70 manatdan pul yığıldıqdan sonra iyunun 8-də səfərə çıxmalı olan alimlərə bildirilib ki, seçim aparılıb, Şuşaya 100 nəfər gedəcək. Hətta gedənlərin içində bir ailədən 4 nəfər üzvü və alim olmayanlar da var. Məsələyə aydınlıq gətirmək məqsədi ilə Əlvan Cəfərovla əlaqə saxlayıb, əvvəlcə onun kimliyini öyrəndik. APA TV-yə açıqlamasında özünü Pedoqoji Universitetin elmi işçisi kimi təqdim edən şəxs qeyd etdi ki, nəzərdə tutulan səfər Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnsitutu ilə AMEA-nın müştərək konfransı ilə bağlıdır. Əlvan Cəfərov sözügedən İnstitutun Azərbaycan üzrə kordinatoru olduğu dedi: “Konfransın açılış mərasimi sabahdır. AMEA-nın Mərkəzi Kitabxanasında. Sizi də dəvət edirik. Tədbirin formatına uyğun olaraq məqalələr, yəni özət may ayının 20-nə kimi nəzərdə tutulub. Sonra Akedemiyaya yüksək qurumlardan zəng gəldi ki, konfrans iştirakçıları Şuşaya səfər edə bilər. Sonra mənə deyildi ki, “Qarabağ - Üçüncü beynəlxalq araşdırmalar” adı altında keçiriləcək konfransa məqalə verən alimlər Şuşanı ziyarət edə bilərlər”. Bundan sonra Əlvan Cəfərov konfrans üzvləri üçün votsap üzərindən qurup yaratmaqla onlara səfərin şərtlərini və ödəyəcəkləri məbləği açıqlayır: “Bununla bağlı sayta da girib baxa bilərsiniz. Konfransda iştirakın qiyməti 30 manatdır. Bu məbləğ kitab çapı və kofe breaklat üçün nəzərdə tutulur. Bundan başqa, sertifikatlara xərclənir. Bu həmişə belə olub, konfransa qatılan hər bir alim, elmi işçi də bunu təsdiq edə bilər. Şuşaya gediş-gəliş üçün üzvlər müəyyənləşdirildi və “Qarabağ BUS” firması ilə də danışıldı. Adambaşına 25 manat avtobus xərci nəzərdə tutuldu. 15 manat isə yemək xərcləridir”. Əlvan Cəfərov iddia edir ki, bir alimin Şuşa səfəri üçün 40 manat rüsum nəzərdə tutulub və artıq 100 nəfərlik heyət uyunun 8-də səfərdə olublar: “AMEA Şuşa ziyarətini 8-9-10 iyun tarixlərində nəzərdə tutmuşdu. Bununla bağlı sözügedən 470 nəfərə də məlumat verilmişdi. Onlar da qeydiyyatdan keçmişdi. Onlar ümumilikdə 70 manat ödəmişdilər, 30 manat konfransda iştiraka, 40 manat isə Şuşa səfərinə. Mən də təşkilatçı kimi hamı ilə danışdım və bölgü ilə bağlı onları məlumatlandırdım. Bu gün də məni qınayanlar haqlıdırlar. 470 nəfərin siyahısı Şuşa nümayəndəliyinə veriləndən sonra ordan və digər aqurumlardan xəbər gəldi ki, gediş 100 nəfərlik olmalıdır. Amma Şuşa üçün qeydiyyatdan keçənləri sayı 470 nəfərdir.Beləliklə mən siyahını portala yerləşdirdim və dünən həmən 100 nəfər Şuşada olub. Qalan 370 nəfərə görə biz də dedik ki, bu ədalətsizlikdir. AMEA-dan isə mənə dedilər ki, iyunun 10-da Bakıda keçirləcək tədbirə gələnlərə izah olunacaq”. Əlvan Cəfərov 370 nəfərin ödənişinin taleyinə belə aydınlıq gətirdi: “Xahiş edirəm, sizin vasitənizlə hətta müraciət edirəm ki, həmin insanlar sabah konfransın açılışına qatılsınlar. Orda biləcəklər məsələnin mahiyyətini, məni günahkar bilirlər. Hamıya məlumat vermişəm, amma heç kim məni dinləmir. Önyarğılı davranırlar. Deyirəm səbr edin, konfransa qatılın. -370 nəfərin pulunu niyə qaytarmamısız? - Bilirsiniz necədi, mən izah edirəm ki, hamı dinləsin. Deyirəm gəlin konfransa qatılın, yüksək rütbəli şəxslər də sizi görsün ki, Şuşaya getmək istəyirsiniz. Adminstrasiya “yox” demir, sadəcə gözləmək lazımdır”.

Müəllif | Apa.Tv
Apa.tv