12:56 25 oktyabr 2021 208
Ana səhifə Xəbərlər

Suvarma suyu olmayan bu 7 kəndlərdən əhali tədricən köçür

Hacıqabul rayonunun Rəncbər, Atbulaq, Qızılburun, Nəvahi stansiyası, Nəvahi kəndi, Pirsaat və Qubalı-Baloğlan  kəndləri  əlverişli coğrafi məkanda - yol infrastrukturunun yaxınlığında yerləşməsinə baxmayaraq suyun olmaması səbəbindən kənd əhalisi nə əkin, nə də heyvandarlıqla məşğul ola bilir.

Digər kəndlərlə eyni problemi olan vaxtilə əsasən rəncbər ailələrin məskunlaşdığı Rəncbər kəndinə baş çəkdik. Kənddə 400 təsərrüfatda 4 min əhali yaşayır. Ümumi əkin üçün yararlı olan 2 800 hektar pay torpağı var. Amma Rəncbər kəndində suvarma suyu çatışmazlığından torpaqlar əkilib - becərilmir. Əkilib-becərilməyən torpaqlar həm də heyvandarlığın inkişafına mane olur. Bir sözlə adı Rəncbər olan kənddə rəncbərlikdən əsər-əlamət qalmayıb.

Əkin olmadığından kəndin gəncləri, hətta ailələr kəndən köçüb paytaxta və digər ölkələrə üz tuturlar.

Sakinlər deyir ki, yeganə məşğulluq, dolanışıq torpaqdandı o da susuz qalıb.

Kənd sakini Əlibala Şirəliyev deyir ki,  bu kəndin su mənbəyi Pirsaat su anbarıdır: “Şamaxıdan gələn Pirsaat çayındandı. İqlim dəyişikliyi ilə əlaqədar 3 ildir ki, bu Pirsaat çayına su gəlmir. 3 ildir ki, bu su anbarına su gəlmir. 3 ildir taxıl əkirik elə də  quru qalır sahələrimiz. Bizim 2 800 hektar pay torpağımız, 1 800 hektar da bələdiyyə torpaqlarımız var. Gördüyünüz kimi 3 ildir şumlamışıq qupquru qalıb. Əkirik quru qalır. Bizim vəziyyətimiz belədir. İnsanlar kənddən köçüb gedirlər. Dolanışığımız yoxdur. Mal-heyvan suyun biz pulla alırıq. Kanal çəkilişi də yarıya qədər çəkilib və 3 ildir ki, o formada da qalıb”.

Kənd təsərrüfatında gənclərin məşğulluğu təmin olunmadığından gənclər kəndləri kütləvi şəkildə tərk edirlər. Bu da kəndlərin boşalmasına səbəb olur.

Kənd sakini Kərim Heydərovun sözlərinə görə, bu kənddə birinci növbədə yaşayış su ilə əmələ gəlir: “Mənim 85 yaşım var. Mənim hərbidən gələn azı 10 nəfər nəvəm var. İş tapmırlar. Kənddə su olmalıdır, torpaqda çalışıb pul qazansınlar. Susuzluqdan iş yoxdur nəvələrim də kənddən uzaqlaşıb gedirlər Bakı ətrafına.

Şəxsən mənim 20 başa qədər mal-qaram var idi, su olmadığından mən mal-qaranı saxlaya bilmədim. Ona görə də hamısını bazarda satdım. Mən içməyə su alım, yoxsa 20 baş heyvan üçün su alım içməyə?”

Kənd camaatı dəfələrlə əlaqədar qurumla müraciət etsələr də, daşdan səs çıxır onlardan səs çıxmır.

Elə kənd sakini Şirin  Şirinov da deyir ki, 4 ildir əkilən sahələr qupquru qalır, bir qəpik də xeyir götürmək olmur: “Heyvanlara isə maşınla su alıb heyvanları sulayırıq. Bizim kəndimiz Bakı-Qazax magistralının 6 km-dir. Əgər məhsulumuz olarsa Bakıya və ya hara olsa apara bilərik. Su olmadığına görə əkirik quruyur. Kəndli kimi fəaliyyət göstərə bilmirik elə bil şəhərdə 5 mərtəbədə yaşayırıq.”

Əraziyə Kür çayından çəkilən yeni suvarma kanalının tikintisi uzun müddətdir ki, naməlum səbəblərdən dayandırılıb. Kanal boyunca nasos stansiyası da inşa edilib. Başa çatsa, kəndlərin suvarma suyuna olan tələbat aradan qalxar.

Ərazini suvarma suyu ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hacıqabul Suvarma sistemləri idarəsi tərəfindən təmin edir. Kəndin su mənbəyinin Pirsaat su anbarının olduğunu qeyd edən idarə rəsmisi Hacıqabul Suvarma Sistemləri İdarəsinin sudan istifadə şöbəsinin rəisi Zakir Sadıqovun sözlərinə görə, 2016-cı ildə həmin əraziləri su ilə təmin etmək üçün yeni layihə əsasında Kür çayından üzən nasos quraşdırmaqla su çəkilməli idi:  “Bu işləri 2017-ci ildə Hacıqabul icra hakimiyyətinin nəzdində olan təşkilat tərəfindən həyata keçirilirdi. İşin 5 km hissəsi torpaq kanal işlənmiş, 3,6 km-i beton üzlüklü kanal işlənmiş, 7,3 km də qapalı şəbəkə şəkilində hazır vəziyyətdə tikilmişdir. Qalan 11,7 km məsafədə beton üzlüklü kanal çəkilməlidir. Neçə illərdir dövlət vəsaiti ayrılmadığına görə, həmin layihə dayandırılıb. Əgər layihə həyata keçirilərsə, kanal istifadəyə verilərsə, Nəvahi massivi saniyədə 3,3 kub.metr/san su ilə təmin etmiş olarıq. Bununla da həmin massivin 70 faizini su ilə təmin etmiş olarıq.” 

Şərt budaq cümlələri ilə aldığımız bu açıqlamadan sonra kənd sakinlərinə dözmək üçün səbir və dözüm arzulayırıq. Ümid edirik ki, aidiyyəti qurumlar tezliklə problemi həll etməyə çalışacaqlar.

 

 

Əlibəy Zeynallı, Elçin Həsənov, APA

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın