Şüvəlanda 30 ildir susuz qalan küçə var - REPORTAJ

Bakının Şüvəlan qəsəbəsindəyik. Çəkiliş apardığımız bu küçə Mirzə Ələkbər Sabir-1 ünvanıdır.

APA TV-nin xəbərinə görə, məhəllənin 50-dən artıq sakini illərdir su üzünə həsrətdir. Məhəllə sakinləri ayda 3 dəfə maşınla su alır.

Bundan başqa, evlərin hasarları üzərindən keçən su boruları vasitəsilə həftədə bir dəfə içməli su ilə təmin olunurlar. Su borularının quraşdırıldığı hasarlarda həm “Azərişıq”, həm “Azəriqaz”ın sayğacları quraşdırılıb, həmçinin elektrik xətləri də var.

Səfaçoşqun Muradın sözlərinə görə, üç ildir “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayaq döyürlər: “Martda gedirik, deyirlər, oktyabrda gəlin. Burda illərdir su yoxdur. Baxın, məhəllənin girəcəyi ayağımızın altında su boruları gedir. Ən sonuncu dəfə “Azərsu” Açıq Səhmdar Cəmiyyətində Tural Mikayılovla da görüşdüm. Dedi ki, mart ayında layihəsi qoyulacaq, 2021-ci ilin aprelində çəkiləcək”.

Azər Muradov isə hələ də anlamır ki, ətraf küçələrdə su olduğu halda, niyə onların məhəllələrində Kərbəla müsibəti yaşanır: “Bu məhəllənin də yaşlısı var, uşağı var. Qışda belə, yayda dözülməz. Yanaşı məhəllələrdən su bidonlarında içməli su daşıyırıq. Quyulara isə içməli yox, texniki su vurulur. İki km yolu hər gün səhər-axşam gedirik ki, su dolduraq, istifadə edək. Məhəllənin aşağısında var, yuxarısında var, gördüyünüz bu villalarda da var. Burda niyə su yoxdur?”

Ədalət Xudaverdiyev deyir ki, əllərində su daşımaqdan yorulublar: “Çən alırıq, 150-200 metrlik xətt çəkdiririk. Bu nə az, nə çox - 1000 manata başa gəlir. Kimin 1000 manatı var ki? Ona görə də hamı əli ilə daşıyır. Ayda 3 dəfə içməli su alırıq 60 manat.  3 ton su tanışlar 20 manata, tanış olmayanda 30 manata satırlar. Nə 1 ildir, nə 10 il. 30 ildir insanlar bu vəziyyətdə yaşayır burda”.

Qarabağ qazisi, hazırda da ön cəbhədə xidmətdə olan Tərlan Cəmilovun həyətindəyik. Məhəllə sakinləri kimi, bu həyətdə də boş və ya doldurulmuş çəlləklərlə doludur: “Kimin maşını var, bir-birinə kömək edir, gedir su doldurub gətirir. Kimin də yoxdur, bu vəziyyətdə, 2 km yol gedib qollarında daşıyır. İki ildir bununla bağlı müraciət edirik”.

Şüvəlanda Sabir küçəsindəki evlərdən digərinin həyətindəyik. Yerli sakinlər deyir ki, susuzluqdan dolanışıq üçün əkib becərdikləri tərəvəzlərin belə əldə edə bilmirlər. 10-15 bar ağacları susuzluqdan quruyur. Sakinlərdən eşitdiyimiz problemlərin nə vaxt çözüləcəyi ilə bağlı suallarımızı ünvanlamaq üçün üz tutduq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xəzər rayon Su-kanal İdarəsinə.

İdarənin rəisi saat 11:30 radələri olmasına baxmayaraq, kabinetində olmadığından, üz tutduq Şüvəlan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyə. Burdan da bildirildi ki, rəhbərlik ərazidədir. Bundan sonra qəsəbə bələdiyyəsinə baş çəkdik, idarə yetkilisi hüzr mərasimində olduğunu dedi, onunla da görüşə bilmədik.

Nəhayət, "​Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. O bildirdi ki, "​Azərsu" ASC-nin sifarişi ilə Şüvəlan qəsəbəsinin su təminatı, tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədilə su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihələri hazırlanmaqdadır. Layihələrin icrası su təchizatı və kanalizasiya sistemlərinin mövcudluğu, onların imkanları, texniki vəziyyəti, eləcə də digər amillər nəzərə alınmaqla həyata keçirilir. Layihə çərçivəsində qəsəbə ərazisində su təchizatı şəbəkəsinin bir hissəsi inşa edilib. Layihənin davamı olaraq qəsəbənin digər yaşayış sahələrində, o cümlədən qeyd olunan ünvanda su şəbəkəsinin icrası cəmiyyətin tədbirlər planına uyğun olaraq mərhələlərlə həyata keçiriləcək.

Sevinc Vaqifqızı,

Xəqani Hüseynov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv