Tahir Kərimli: "Şəhid və qazi ailələrinin kommunal xərclərini bələdiyyələr ödəməlidir"
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası keçirilib.
APA TV-nin xəbərinə görə, iclasda “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsinin birinci oxunuşu davam etdirilib.
Parlamentin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli iqtisadiyyatın neftdən asılılığını tənqid edərək bildirib ki, şəhid, qazi ailələrinin qaz, işıq və suyu havayı olmalıdır: “İnsanlar bir balaca otağa yığılır, tez işığı söndürür. Şəhid, qazi ailələrinin işıq, qaz, su pulunu icra nümayəndələri, bələdiyyələr hansısa formada ödəməlidir, bunun bir yolu tapılmalıdır”.
Deputat Məlahət İbrahimqızı isə 2021-ci ilin büdcəsini Zəfər büdcəsi adlandırıb: “Biz Qarabağın quruculuğu naminə bir yerdə olmalıyıq. Qarşıdakı dövrdə əsas prioritet Qarabağın quruculuğu və hərbi xərclərin artırılması olmalıdır. Biz sosial xərclərin artırılmasına da diqqət yetirməliyik. Eyni zamanda koronavirus pandemiyasından az qala müflisləşmə səviyyəsinə gələn orta və kiçik sahibkarlığa gələn ilin büdcəsindən daha çox dəstək ayrılmalıdır”.
Deputat Səttar Mehbalıyev isə hərbçilərin yaşayış şəraitinin daha da yaxşılaşdırılmasının vacib olduğuna diqqət çəkib. Deputat Qazi və Veteranlar Federasiyasının yaradılmasını, bu quruma büdcədən vəsait ayrılmasını da təklif edib: “Büdcədə hərbçilərin kirayə qalması üçün vəsait ayrılıb. Gələcəkdə hərbçilər üçün müvəqqəti evlər tikilə bilər ki, onlar həmin evlərdə yaşasınlar. İşğal alğındakı rayonların bərpası üçün gələn ilin büdcəsindən 2,2 milyard manat ayrılıb. Lakin hər şeyi dövlətdən gözləmək lazım deyil. Azərbaycanda iri, transmilli şirkətlər fəaliyyət göstərir, onlar da quruculuq prosesinə töhfə verməlidir”.
Deputat Azay Quliyev isə gizirlərə ərzaq təminatı ilə bağlı vəsaitin ödənilmədiyini diqqətə çatdırıb: “Səfərbərlik üçün hərbi xidmətə çağırılan şəxslərə hər ay birdəfəlik 360 manat verilir. Bu vəsaitin dəfələrlə artırılmasına ehtiyac var. Keçmiş iş yerlərində maaşları saxlanılanlar istisna olmaqla, işləməyən hərbi qulluqçuların müavinətlərinə yenidən baxmalıyıq. Digər tərəfdən, gizirlərə 128 manat ərzaq təminatı ilə bağlı vəsait ödənilməlidir. Ancaq Nazirlər Kabinetinin son qərarı nəzərə alınmaqla, artımlarla bu vəsait ödənilmir. Bu məsələyə də Maliyyə Nazirliyi aydınlıq gətirməlidir”.
Son günlər paytaxta yağan yağışın törətdiyi fəsadlardan danışan deputat Rauf Əliyev isə bildirib ki, yağış yağdığı andan Bakının bir sıra qəsəbələrində göl yaranıb. Bu problemin aradan qaldırılması üçün heç olmasa hər il bu qəsəbələrdən biri büdcəyə salınaraq bu sahədə problemin həll olunması üçün müvafiq addımlar atılsın.
İlahə Vəliyeva,
Musa Qulammirzəyev,
APA TV