Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən koronavirus xəstəsi saxlanıldı

Cəlilabad və Masallıda koronavirusa yoluxmuş daha 2 şəxsin yaşayış yerini tərk etdiyi aşkarlanıb. 


APA TV-nin cənub bürosundan verilən məlumata görə, Cəlilabad rayon sakini Mehman Abbasov və Masallı şəhər sakini Zahid Teyyubova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb. 


Polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxslərin karantin qaydalarını kobud şəkildə pozaraq və digər şəxslərin koronavirus infeksiyasına yoluxmasına şərait yaradaraq yaşayış yerlərini tərk etdiyi müəyyən edilib. Adı çəkilən şəxslər ictimai yerlərdə aşkarlanaraq tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvanlara geri qaytarılıblar. 


Həmin şəxslərin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.


Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları isə rayonun Böyük Əmili kənd sakini Yasin Məhərrəmovu saxlayıb. O, virus daşıyıcısı olduğunu bilə-bilə yaşadığı ünvanı tərk edərək, idarə etdiyi avtomobillə taksi fəaliyyəti ilə məşğul olmağa cəhd edib. Yasin Məhərrəmov barəsində cinayət işi açılıb, araşdırma aparılır.


Tural Kərimov
Rövşən Əzimov
APA TV
 

Müəllif | Apa.Tv
Apa.tv