Taksi sürücüsünü “Adamın bacısına sataşanı bu günə qoyarlar” deyib bıçaqladılar
Taksi sürücülərinin mənzil başına çatmaq istəyən vətəndaşlara zorakılıq göstərdiyi, etikadan kənar dialoqlar qurmağa çalışmaqları, hətta müştərilərə təcavüz etmə xəbərləri zaman-zaman qarşımıza çıxır. Bu baxımdan taksi sifariş edərkən daha ehtiyatlı davranırıq. Amma məsələnin digər tərəfi də var. Taksi sürücülərinin qarşılaşdıqları təzyiqlər, təcavüzlər, hücumlar. Belə hücumlardan biri ilə 10 il öncə taksi fəaliyyəti ilə məşğul olan Cahid Salmanov qarşılaşıb.
Cahid Salmanov deyir ki, onu bıçaqlayan şəxsləri tanımır. Bıçaq xəsarətləri yetirən şəxslər isə ona deyiblər ki, “adamın bacısına sataşanı, bu günə qoyarıq”.
Şikayətçi deyir ki, bu sözü eşitdikdən sonra belə bir əməlinin olmadığını desə də, onlar bıçaq xəsarətləri yetirməyə davam ediblər. Zərərçəkən dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, cinayətkarlar tapılmadığından, istintaq dayandırılıb. Üzündə, əllərində, bədənində bıçaq yaraları daşıyan Cahid deyir ki, bu izlərlə cəmiyyət arasına çıxmağa utanır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdik. Qurumdan bildirildi ki, bu hadisənin araşdırılması üçün bir neçə həftə lazımdır. Elə dedikləri vaxtdan sonra DİN əməkdaşları ilə əlaqə saxladıq, bildirildi ki, hadisənin üstündən illər keçib, bu məsələni aydınlaşdırmaq, taksi sürücüsünü bıçaqlayan şəxsləri tapmaq uzun araşdırma tələb edir.
“Norma” Hüquq Mərkəzinin direktoru Şamil Pasayevin sözlərinə görə, vətəndaşın şikayətinə baxılmırsa, zərərçəkən inzibati məhkəməyə müraciət edə bilər.
Bax belə... Görünən budur ki, üzündə bıçaq yaraları daşıyan Cahid Salmanov onun kimin, niyə bıçaqladığını bilmək üçün yenə gözləməli olacaq. Baxmayaraq ki, ilk müraciətin üstündən 10 il keçib...