Talıb Tale: “Toylara icazə verilməsi münasibətilə musiqiçilər bir-birini təbrik edir” – SORĞU

Nəhayət, Nazirlər Kabinetindən ailə qurmağı gözləyən şəxslər üçün sevindirici xəbər gəldi. Belə ki, iyulun 1-dən etibarən toyların keçirilməsinə icazə veriləcək. Amma müəyyən qaydalar çərçivəsində. Qaydalar əsasən ondan ibarətdir ki, toy iştirakçılarının sayı 150 nəfərdən çox olmamalıdır, toyda iştirak etmək istəyənlərin isə mütləq şəkildə COVID-19 pasportu olmalıdır .

 

Bəs görəsən, vətəndaşlar toylara icazə verilməsi xəbərini necə qarşılayıblar?

 

Pandemiya səbəbindən toy-nişan mərasimlərinin keçirilməsinə qoyulan qadağanın aradan qalxması təkcə ailə qurmağı gözləyən vətəndaşların yox, həm də uzun müddətdir toysuz qalan müğənnilərin də ürəyincədir:

 

Müğənni Talıb Tale deyir ki, artıq musiqiçilər arasında bir-birini təbrik edənlər də var: “Hətta bəzi təkliflər də edirlər ki, bu gün əlamətdar gündür, musiqiçilər günü kimi qeyd edək. Az bir dönəm deyil, artıq il yarımdan çox idi ki, musiqiçilər çox çətinliklər yaşadılar. Müğənnilərin əksəriyyəti taksi sürücüsü kimi fəaliyyət göstərirdi. Nə deyə bilərik? Sevindirici xəbər oldu. Çalışaq ki, bir daha belə çətin vəziyyətlərə qayıtmamaq üçün qoyulan şərtlərə əməl edək. Yəqin ki, bu dönəmdən hamımız bir nəticə çıxartdıq”.

 

Bakıda fəaliyyət göstərən şadlıq saraylarından birinin administratoru Asəf Həbibov deyir ki, artıq toyların tarixini yazdırmaq üçün müraciət edənlər kifayət qədərdir: “2020-ci ilin 15 martında axırıncı toyu yola salmışdıq. Həm maddi, həm mənəvi ziyan dəymişdi bizə. Allaha çox şükür ki, iyulun 1-dən açılışdır. Qaydalardan da təbii ki, xəbərdarıq. Əlcək-filan hamısı alınıb. Bütün zallar, qab-qacaq dezinfeksiya olunacaq. Özünüz də görürsünüz necə sevinirəm. Avqust ayında məhərrəmlik ayı olduğuna görə yer yazdıranlar da çoxdur”.

 

Qeyd edək ki, şənlik mərasimindəki iştirakçıların maskadan istifadə etməsi məcburi olmayacaq. Qaydalara əməl edək ki, növbəti yumşalmalar çox gecikməsin. Necə deyərlər, toy olsun, bayram olsun, həyat firavan olsun!

Müəllif | Apa.Tv
Apa.tv