Tarix müəllimi ola bilməsə də, tarix yazdı – REPORTAJ

"Tarix müəllimi işləyə bilməsəm də​, tarix yazdım". APA TV xəbər verir ki, bu sözlər məktəbə işə qəbul olunan, şəhid Elgün Quliyevin son sözləridir.

Şamaxının Göylər kənd sakini, Sumqayıt Dövlət Universitetinin məzunu olan 28 yaşlı Elgün Quliyev Qarabağda hərbi əməliyyatlar başlamadan bir müddət əvvəl müəllimlərin işə qəbulu imtahanına qatılıb, yüksək balla Lerik rayonunun Sors kəndinə təyinat alıb. Lakin ona tarix müəllimi kimi işləmək qismət olmayıb. Vətən müharibəsi başlayan kimi könüllü cəbhəyə gedib, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.​

Şamaxıda dünyaya göz açan Elgün Quliyevin elmə, təhsilə böyük marağı olub. Məktəbi əla qiymətlərlə bitirib. Eyni zamanda dinimizə də çox bağlı olub, mükəmməl Quran təhsili alıb. Şəki İslam Kollecinin tələbəsi olan Elgün gözəl səsə malik Quran hafizi olduğu üçün bir çox mərasimlərdə, hətta Bakıda İslam Konfransı Təşkilatının tədbirində, eləcə də işğaldan azad edilən rayonlarda azan səsləndirib. Arzusu isə tarixçi olmaq, Azərbaycanın şanlı tarixini şagirdlərinə tədris etmək idi. Sevdiyi ixtisası tədris edə, şagirdlərinə tarixi öyrədə bilməsə də, səngərdə öz qanı ilə tarix yazdı, silinməz bir salnaməyə imza atdı.

Elgün  ali məktəbi uğurla başa vurduqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. Onun hərbi xidməti düşmənlə üzbəüz təmas xəttində, Füzuli rayonunda keçib. O, insanların qəlbində daim haqq yolu tutan, mülayim və xoşrəftar bir gənc kimi iz qoyub.

Üç bacının yeganə qardaşı idi Elgün. Aprel döyüşləri zamanı da könüllü olaraq hərbi komissarlığa müraciət etmiş və ordu sıralarına qatılmaq istədiyini bildirmişdi. Lakin adına çağırış gəlmədiyindən, onu cəbhəyə aparmamışdılar. İkinci Qarabağ müharibəsi başlayanda Elgün israrla döyüşlərə qatılmaq üçün müraciət edib. Nəhayət, istəyinə çatıb. Füzuli, Xocavənd və Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub, müharibənin sonuncu günündə isə şəhidlik zirvəsinə ucalıb.

Şəhidin atası Vasif Quliyev Elgünün 8-ci sinfinədək Şamaxıda, sonra isə İsmayıllıda oxuduğunu deyir: “O, Şəkidə dini təhsil aldıqdan sonra Sumqayıt Dövlət Universitetində oxuyub. Sonra hərbi xidmətə yollandı. Hərbi xidmətdən qayıdandan sonra Bakıda işlədi. O, 2016-cı ildə aprel döyüşləri və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı hərbi komissarlığa gedərək könüllü döyüşə getmək üçün yazılıb. Müharibə başlayanda sentyabrın 28-də yenə komissarlığa gedərək könüllü yazılıb. Mənim də qardaşım olmayıb. Elgün mənim həm qardaşım, həm də oğlum idi. O, sonuncu dəfə anası ilə noyabrın 5-də danışıb. Noyabrın 9-da Şuşa ilə Xankəndi arasındakı ərazidə döyüşdə şəhid olub".

Şəhidin anası Qənirə Quliyeva oğlunun uşaq vaxtından təhsili ilə əlaqədar ailəsindən aralıda olduğunu deyir: “O, böyüdükcə, tarix fənnini oxuduqca, Vətənini daha çox sevirdi. Qarabağın işğal altında qalmasına dözə bilmirdi. Elgün hər dəfə kəndə gələndə deyirdi, ana müharibə olacaq, mən də döyüşə gedəcəm. İndi fikirləşirəm ki, oğlum o vaxtlardan məni bu günlər üçün hazırlayırdı. Mən elə bilirdim zarafat edir. O tarix fənnini oxuduqca, Azərbaycana edilən haqsızlıqlara dözə bilmirdi, Vətənini, elini, obasını daha çox sevirdi. Şəhidlik uca zirvədir. Elgün müəllim adını qazanmışdı. Gündəliyində yazıb ki, “ermənilərin Bərdəyə raket hücumunu görəndə, günahsız insanların öldürüldüyünü biləndə, mən çox ağladım, məndə qisas hissi daha da artdı. Hər gün döyüşə getmək istəyirdim”. O, könüllü olduğu üçün həmişə ön sırada düşmənlə döyüşüb. Dini təhsil aldığı üçün həmişə düzgünlüyün, haqq-ədalətin tərəfdarı idi. Azərbaycanı bütöv görmək, şəhidlərin qisasını almaq istəyirdi. Onlar bütün Azərbaycan xalqına bizdən qat-qat vətənpərvər olduqlarını nümunə göstərdilər”.

Elgün ailə üzvlərinə etdiyi son zəngində hamıdan halallıq istəyib. Həmin zəngdən sonra ailə, övladının şəhid xəbərini alıb.​

Elgün müəllimin pedaqoji fəaliyyəti başlamadan sona çatdı. Amma əminik ki, üzünü belə görmədiyi şagirdləri, bircə dəfə belə olsun əyləşə bilmədiyi iş masası, sinif otağı, kollektivi bundan sonra da onu xatırlayacaq. Şəhidin ailə üzvləri isə təskinlik üçün Şamaxının Çöl Göylər kənd orta məktəbinə Elgün Quliyevin adının verilməsini istəyir.

Elgün Quliyev ölümündən sonra "Vətən uğrunda", “Şuşanın azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

Şahnəzər Bəşirov,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv