Tarix müəllimi Vətən Müharibəsində tarix yazdı - REPORTAJ

İsmayıllı şəhər Eldar Məmmədov adına 3 nömrəli tam məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadənin dərs dediyi məktəbdə yaratdığı tarix muzeyinə onun unudulmaz, şərəfli adı verilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Famil Əhmədzadənin yaratdığı bu Tarix-Diyarşünaslıq Muzeyində toplanmış  eksponatlar şagird və müəllimlər tərəfindən ilk gündən böyük rəğbətlə qarşılanıb.

 

Famil müəllim muzeyin eksponatları vasitəsilə dərslikdə olan məlumatları şagirdlərə əyani şəkildə çatdırmağa çalışardı. Şagirdlər də tariximizi dərindən öyrənir, dərslərə daha maraqla yanaşardılar. Məktəbin tarix muzeyində əsasən eramızdan əvvəl III-II minilliyə aid dulusçuluq, XVIII-XIX əsrlərə aid maddi-mədəniyyət, misgərlik nümunələrinə, milli geyimlərə, kəlağayılara, tətbiqi sənət nümunələri və müasir dövrün əl işlərinə rast gəlmək olur.

 

Yəqin fərq etdiniz – Famil müəllim haqqında keçmiş zamanda danışırıq. Çünki süjetimizin qəhrəmanı Vətən Müharibəsində canından keçən 2783 şəhiddən biridir.

 

Famil Ağaəhməd oğlu Əhmədzadə 1975-ci ildə Bakı şəhərinin Xətai rayonunda anadan olub. Əmək fəaliyyətinə 1997-ci ildən İsmayıllı şəhər 3 nömrəli tam orta məktəbdə tarix fənnini tədris etməklə başlayıb. 1999-2000-ci illərdə Naxçıvan Muxtar Respublikasında hərbi xidmətdə olub, ehtiyatda olan zabit kimi İsmayıllıya qayıdaraq müəllim peşəsini davam etdirib. Qarabağda döyüşlər başlayandan sonra, 30 sentyabr 2020-ci ildə Vətən torpaqlarını işğaldan xilas etmək üçün könüllü olaraq cəbhəyə yollanıb. Baş leytenant Famil Əhmədzadə cəbhə yoldaşlarının döyüş ruhunu artıraraq, müharibə gedən rayonların xalqımızın əzəli torpaqları olduğunu deyib, onları qələbəyə səsləyib. Oktyabrın 14-də Talış kəndi və Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına şəhid olan Famil Əhmədzadə İsmayıllı rayonunun Şəhidlər Xiyabanında dəfn olunub.

 

Bir övladı olan Famil müəllimin kiçik qardaşı da hərbçidir. Mayor Vüqar Əhmədzadə hazırda Vətən qarşısında xidmətini davam etdirir. O, Vətən Müharibəsində sonadək döyüşərək, qardaşının qisasını düşməndən alıb.

 

Məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov bildirib ki, məktəbdəki muzeyə şəhid Famil Əhmədzadənin adının verilməsi təşəbbüsü pedaqoji kollektiv tərəfindən yekdilliklə bəyənilib. Onun sözlərinə görə, biz yaşadıqca, şəhid müəllimin əziz xatirəsi də qəlbimizdə yaşayacaq, məktəbimizdə təhsil alan məktəblilərə onun vətəndaşlıq məziyyətləri və qəhrəmanlığı tərbiyə olunacaq.

 

Famil müəllim rayonda keçirilən əksər tədbirlərin aparıcısı olmaqla ictimaiyyətin sevimlisinə çevrilmişdi. O, çox vətənpərvər, səmimi və işgüzar müəllim, əsl vətəndaş idi. Şəhidin qardaşı İlqar Əhmədzadə nə qədər kədərli olsa da, tarix müəlliminin öz qanı ilə tarix yazmasından qürurlu olduğunu deyib. Şanlı qələbəyə görə Ali Baş Komandana minnətdarlıq edən şəhid qardaşı Allahdan bütün şəhidlərə rəhmət, əzizlərinə səbir, qazilərə isə şəfa diləyib.


Famil Əhmədzadə Vətən Müharibəsinin şəhid müəllimlərindən biri oldu. O, tarixi təkcə öyrətməklə kifayətlənmədi, həm də tarix yazdı. Borcun ödənməz, müəllim!

 

Şahnəzər Bəşirov

 

Müəllif | Apa.Tv
Apa.tv