Tarixçi alim evini muzeyə çevirdi
Balakəndə tarixçi alim evində muzey yaradıb.
APA TV-nin məlumatına görə, evində şimal-qərb bölgəsinin arxeologiya və etnoqrafiyasını əks etdirən bu muzeyi yaradan şəxs Akif Məmmədlidir. Tarix üzrə fəlsəfə doktoru olan Akif Məmmədli 1962-ci ildə Azərbaycanın şimal-qərb qapısı sayılan Balakən rayonu Talalar kəndində doğulub. O, 1981-86-cı illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsini qurtarıb. Təhsilini başa vurub doğulduğu rayona qayıtdıqdan sonra Akif Məmmədli bu muzeyi yaratmaq qərarına gəlir.
Muzey 2009-cu ildə istifadəyə verilərkən burada 300-ə yaxın eksponat nümayiş etdirilirdisə hazırda onların sayı 3000-dən çoxdur. Muzeydə eksponatlar həm qapalı, həm də açıq şəraitdə nümayiş etdirilir. Arxeologiya və etnoqrafiya muzeyinin eksponatları sırasında mezolit dövründən 20-ci əsrin ortalarına qədər olan dövrünü əks etdirən qədim məişət əşyalarına, sənət əsərlərinə, silah növlərinə təsadüf etmək mümkündür.
Muzeydəki eksponatlar arasında 17-18-ci əsrə aid bölgə əhalisinin gündəlik işlətdiyi məişət əşyaları da mövcuddur. Bunların arasında armud ağacından oyma üsulu ilə hazırlanmış mətbəx əşyası xüsusilə diqqət çəkir.
Müsahibimiz deyir ki, son vaxtlar muzey daha qədim dövrləri əhatə edən eksponatlarla zənginləşib. İndi muzeyə maraq göstərən, onun fəaliyyəti ilə tanış olan bölgə sakinləri də evlərində saxladığı qədim əşyaları bu muzeyə təqdim edirlər.
Qeyd edək ki, muzeyi Azərbaycan vətəndaşları ilə yanaşı Rusiya, ABŞ, Türkiyə, Kanada, Özbəkistan və digər ölkələrinin vətəndaşları da ziyarət edir.
Vüqar Heydərov, Əhməd Fərruxoğlu, APA TV