Tarixi abidə, yoxsa zibil poliqonu?

Abşeron yarımadasının ən böyük kəndlərindən biri olan Məştəğadayıq. “Şamxal hamamı”nın qarşısında dayanmışıq. Burada bu hamamın tarixi mədəniyyət nümunəsi olmasını əks etdirən yazı və ya lövhə də yoxdur. Keçək içərisinə. İçəridə məişət tullantıları atılıb. Burada bir lövhə var. Deyəsən, bu, hamam haqqında olan məlumat lövhəsidir. Elədir ki, var. “3188 inventar nömrəsi ilə qeydiyyata alınan abidə dövlət tərəfindən qorunur” yazılıb. Buna qorumaq demək olarsa.

 

Üst-başımızın toz içində olmasından yəqin ki, vəziyyətin nə yerdə olduğunu gördünüz. 17-ci  əsrə aid olan bu mədəniyyət nümunəsinin necə qorunması göz qabağındadır. Bir zamanlar canımızı təmizləyən bu hamam hazırda zibilliklərin cəngində can verir. Bu biabırçılqıdır. Buradan keçməyə də yer yoxdur. Hamamın bu vəziyyətə düşməsində buranı zibilliyə çevirən sakinlərin də günahı var. Abidə tozun-torpağın içində olamaqla yanaşı, dayaqları uçlub, dağılır və divarları nəmişlikdən kif bağlayıb. 

 

Keçmişdən gələcəyə uzanan və tarixə qovuşan böyük tarix belə gedərsə, yox olacaq. İlk baxışdan zibil poliqonunu xatırladan hamamın qapılarının dirəkləri də çürüyərək tamamilə sıradan çıxıb.

 

Hamamın içində olan yuyunma otaqlarından birinin qapısı da uçulub, yerə düşüb. Bir sözlə, bu mədəniyyət abidəsinin nə dərəcədə təhlükəli olduğunu yalnız huraya gələrək, öz gözünüzlə görməlisiniz.

 

Bir zamanlar insanları təmizliyə qovuşduran bu hamamın indi özünün təmizliyə ehtiyacı var.

 

O olmasın, bu olsun” filmindən bir fraqment yadıma düşdü. Yayın istisində harada sərinləmək olar, qışın soyuğunda harada qızınmaq olar, adam harada pak olar-Hamamda. Yəqin ki, söhbət “Şamxal hamamı”ndan getmir, gedə də  bilməz. Heç paklıqdan danışmağa belə dəyməz. Hətta bura çəkiliş üçün girməyə belə cəsarət lazımdır. Hazırda bizim dayandığımız yer belə çöküb. Yəqin ki, dayanmağımdan hiss edirsiniz ki, qorxa-qorxa dayanmışam.

 

Bu gün tarixi özündə yaşadan və elə tarixin özü olan, dövlət qeydiyyatına alınan əksər tarixi hamamlarımızda vəziyyət eynidir. Amma nədənsə Mədəniyyət naziri Anar Kərimov deyir ki, abidələrin bu vəziyyətə düşməsində vətəndaş günahkardır: “Bu təkcə dövlətin məsuliyyəti deyil. Baxımsız hesab edilən hamam zibil atmaq vətəndaşın məsuliyyətidir. Bunların sayı çoxdur regionlarda da. Mədəniyyət nazirliyi tərəfindən kompleks tədbirlərin keçirilməsi planlaşdırılır. Belə abidələrin sayının  çox olduğundan Mədəniyyət Nazirliyinin resursları məhduddur. Burada biz başqa yanaşmaları da fikirləşməliyik. Özəl sektorla tərəfdaşlığın qurulması və eyni zamanda cəmiyyətimizin mədəni irsimizə həssaslığın artırılması”.

 

Bunu anladıq, cənab nazir. Amma məsələ orasındadır ki, baxımsızlıqdan uçulub-dağılan və “dövlət tərəfindən qorunur” lövhəsi vurulsa da, heç bir mühafizə xidmətinin belə olmadığı bu hamam təbii ki, məsuliyyətsiz vətəndaşın zibil məkanına çevriləcək. Bu ayrı məsələ. İndi hamını düşündürən bir sual var: Bu gün siçovulların və digər gəmiricilərin sevimli məkanına çevrilən “Şamxal hamamı” nə vaxt təmir ediləcək?

 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov sualımıza cavab olaraq bildirdi ki, heç vaxtı yoxdur, tədbirə hazırlaşır, araşdırıb, məlumat verəcəyik.

 

Ekspert Faiq İsmayılov isə hesab edirlər ki, tarixi abidələrin bu vəziyyətə düşməsinə görə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Dövlət Xidməti birbaşa məsuliyyət daşıyır: “Həmin xidmətin rəhbərliyidir bu işə cavabdeh olan şəxs. Bu nəinki Maştağada, Ramanıda, Buzovnada, Pirşağıda çoxsaylı belə  hamamlar var ki, baxımsız qalıblar. Regionlardakı tarix mədəniyyət abidələrimiz də belə vəziyyətdədir. Çox təəssüf ki, dövlətin qayğısının hiss olunduğu belə bir vəziyyətdə bunlar öz vəzifələrini icra etmirlər, qeyri-peşəkar kollektiv var. Abidə mühafizəçilərinə ən adi sula versən ki, abidənin mühafizə qaydaları necədir, bilməzlər. Belə baxımdan mədəniyyətimiz pis gündədir”. 

 

Hər bir şəxsin evində  hamam var və  bu qəbildən  olan hamamlara ehtiyac qalmayıb. Amma bu o demək deyil ki, dağılmaqda olan tariximizi zibilliyə çevirməliyik

 

Vicdanımız yol vermədi tozun torpağın içində yerə düşən bu lövhəni burada qoyub getməyə. Mismarımız, çəkicimiz olmasa belə lövhəni təhlükəsiz yerə dayayacağıq ki, ən azından buranın tarixi abidə olmasını əks etdirən bu lövhə görünsün. Sakinlərdən mismar və çəkic almaq istədik. Amma təəssüf ki, çəkiliş qrupumuzu görən kimi hərə bir tərəfə qaçıb gizləndilər, müsahibə belə vermək istəmədilər. 

 

Ümumilikdə ölkədə dövlət qeydiyyatına alınan 6308 tarixi abidə var ki, onların da bəziləri, xüsusilə Pirşağı, Buzovna, Nardaran, Bilgəh və digər kəndlərdəki hamamlar son nəfəsini verir sanki. Bir sözlə, ölkənin müxtəlif bölgələrində 12-18-ci əsrlərə aid olan belə mədəniyyət nümunələrimiz çoxdur. Bu kimi uçulub-dağılan tarixi hamamlarımızın bərpası 2020-2023-cü illərdə investisiya planına daxil edilsə də, nədənsə bu xöşbəxtlik bəzi tarixi hamamlardan yan keçib. Bu kimi tarixi nümunələrimizə bərpa edib, sahiblənməklə memarlıq konstruksiyalarına görə fərqlənən sərvətimzi bəlkə də gələcək nəsillərə ötürə bilərik. Təbii ki, istəsək...

 

Aytən Sakitqızı

Fariz Quliyev

APA TV

 

 

Müəllif | Apa.Tv
Apa.tv