Tarixi binanı şadlıq sarayına çeviriblər

XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində dünyanın diqqət mərkəzində olan Bakı nefti Nobel qardaşlarını Bakıda ən böyük kapitala sahib neft maqnatlarından birinə çevirmişdi.

 

APA TV-nin Mil-Muğam bürosunun xəbərinə görə, Nobel qardaşları əldə olunan neft və neft məhsullarını müxtəlif yollarla dünya bazarlarına çıxarmağa müvəffəq olurlar. Belə yollardan biri də Bakı-Tiflis - Batumi neft kəməri olub. Bakı nefti ilə kifayətlənməyən Nobel qardaşları eyni zamanda Azərbaycanın digər ərazilərində də neft hasilatı ilə məşğul olurdular.

 

Keçmiş Şamaxı qəzasına daxil olan indiki Hacıqabul rayonu və ona yaxın ərazilərdə neft mədənlərinə sahib olan Nobel qardaşları Bakı neftini Avropa bazarına ötürmək üçün burada kiçik neft infrastrukturu yaratmışdılar.

“Gördüyünüz bu tarixi bina 120 il əvvəl Nobel qardaşları tərəfindən inşa edilmişdir. Burda yerləşən qurğular vasitəsi ilə Bakı nefti  Batumi limanına qədər ötürülərək  oradan  da barjalar vasitəsi ilə dünya bazarına çıxarılmışdır.”

 

Tikili Bakı və digər ərazilərdən hasil edilən neftin Batumi limanına kəmərlər və dəmir yolu vasitəsilə ötürülməsində vasitəçi olub. Cəlbedici memarlıq üslubuna malik olmasa da, Azərbaycanın neft tarixinə və Nobel qardaşlarına aid olması bir əsrdən çox yaşı olan tikilinin əhəmiyyətini önə çəkir. Ancaq tarixin bir parçası olan bu bina hazırda şadlıq sarayı kimi istifadə olunur. Hacıqabul rayon sakini Məhəmməd İsayev bildirir ki, bura neft ve ya kerosin ötürülən məntəqələrdən biri olub: “Həmin məntəqələr vasitəsi ilə də neft və ya kerosin digər məntəqəyə ötürülüb. Vaxtilə dünyada məşhur olan Nobel qardaşlarına məxsus olub. Bakıda neft artıq sənaye üsulu ilə çıxarılmağa başlayandan sonra dünyanın bir çox yerlərindən Avropadan Rusiyadan Bakıya bir xeyli iş adamları gəlib. Həmçinin Nobel qardaşları da gəliblər. Burda bir sıra işlər görüblər. Təbii ki, özlərinin varlanması üçün ediblər. Hacıqabulda onlarla bağlı xatırlayıram ki, orda işləyən fəhlələrin yaşaması üçün yaxşı evlər var idi. Əsas bina hazırda şadlıq evi kimi fəaliyyət göstərir.”

 

Yerli tarixçi  Mübariz Xəlilov deyir ki, haqqında söhbət açdığımız bu neft ötürmə məntəqəsi çoxlarına məlum deyil. Bəlkə də əksər tarixçilər ilk dəfədir ki, bu barədə eşidirlər:   “Nobel qardaşları bu binanı 1904-cü ildə inşa ediblər. Burda fəhlələr üçün gözəl şərait yaratmışdılar. Subaylar üçün yataqxanalar vardı, evlilər üçün 5 bina, hərəsində 6 mənzil indi də əhali orada yaşayır. Yəni Nobel qardaşlarından qalma yadigardır. Bağı, hovuzu var idi. Bura buxarla qızdırılırdı. Orda olan buxar turbini ilə ətrafda olan evlər və çörəkbişirmə sexi qızdırılırdı. Biz bunu tarixi abidə kimi siyahıya saldırmışıq.  Burda lövhə vurulsaydı yaxşı olardı. Eyni zamanda burda bizim neft tariximizi əks etdirən neft muzeyi açmaq olardı.”

 

Qeyd edək ki, Gürcüstanın Batumi şəhərində olan analoji bina indi Nobel texnologiya muzeyi kimi fəaliyyət göstərir.

 

Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv