Tarixi “Dairəvi qala”dan xoş olmayan xəbər

Bu qala əsrlərə şahidlik edib. Lənkəran şəhərinin general Fikrət Məmmədov küçəsində yerləşən yerli əhəmiyyətli tarixi abidə - “Dairəvi qala” Lənkəran qalası ilə eyni vaxtda, təqribən 1747 - 1786-cı illərdə inşa edilib. Qala oxşarı olan “Mayak” ilə birgə Lənkəran qala sisteminin iki tərəfdən dayaq məntəqələri olub. Dairəvi qala 1869-cu ilə kimi bölgədə baş verən müharibələrdə mühüm müdafiə məntəqəsi rolunu oynayıb. Bir zamanlar qaladan həbsxana kimi istifadə edilib. 

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Lənkəran rayonu üzrə baş mütəxəssisi Afaq Məmmədova deyir ki, hətta dustaqlar buraya “Zindan” ilə “Mayak” arasında olan gizli yeraltı yolla gətirilib:  “1869-cu ildən 1970-ci ilə kimi “Dairəvi qala” həbsxana kimi istifadə edilmişdir və o dövrün tanınmış şəxsiyyətləri və Sovet hökumətinə qarşı çıxan inqilabçılar da bu dairəvi qalada həbsxanada yatmışlar. “Dairəvi qala” 1970-1990-cı ilə kimi “Dairəvi qala” tikiş fabriki kimi istifadə edilmişdir. “Dairəvi qala” 3 mərtəbədir. Onun hündürlüyü 20 metr, diametri 72 metrdir. “Dairəvi qala”nın aşağı hissəsinin divarları 2,8 metr, yuxarı hissəsinin divarlarının qalıqları isə 1,5 metrdir. “Dairəvi qala”nın divarları və döşəməsi qırmızı kərpicdən hörülmüşdür. “Dairəvi qala”dan mayaka qədər gizli yeraltı keçid olmuşdur.”

Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən mühafizə olunaraq, ölkənin memarlıq abidələri siyahısına daxil edilən “Dairəvi qala”da 2006-cı ildə təmir-bərpa işləri aparılıb. Lakin qala 2015-ci ildə normadan artıq qarın yağması nəticəsində bu hala gəlib: dam örtüyü sıradan çıxıb, 3-cü mərtəbəsi qəzalı vəziyyətə düşüb. O vaxtdan qar və yağış suları qalanın içinə yağır. Tarixi abidənin bu arzuolunmaz görüntüsü ətrafından keçənlərdə təəssüf hissi oyadır.

- Buradan hər keçəndə ürəyimiz ağrıyır. Dövlətimizdən xahiş edirik, bir əncam çəkərdilər yuxarı dairələr. Əbədi qaladır. İndi elə şey tikmək çətindir, heç mümkün də deyil. Vaxtında kişilər bunu zəhmət çəkib tikiblər də, bizim üçün qoyublar. Niyə bu pis günə qalsın ki? Düzəltsəydilər, lap əla olardı.”

 

- Mənim uşaqlığım elə bu qalanın yanında keçib. Burada böyüyüb başa çatmışıq. Arzu edərdim ki, bu qalanın təmirinə nümayəndələr baxardılar, bunu təmir edərdilər. Bu da bizim gələcəyimizdir. Bizim uşaqlarımız baxsınlar, desinlər ki, Lənkəranın belə tarixi olub. Özüm tarixi çox sevənəm. Dəfələrlə facebookda paylaşmışam bu haqda. Yəni xahiş edərdik, bizim Lənkəranımızın bu qalasını da təmir edərdilər, tarix kimi qalardı.”

Turizmin inkişafı üçün ölkəmizdə tarix və mədəniyyət abidələrinin mühafizəsi, bərpası, təmiri işləri mühüm əhəmiyyət kəsb edir. “Dairəvi qala” da göz önündə olan abidələrdən biridir.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin Lənkəran rayonu üzrə baş mütəxəssisi Rauf Salayev qalanın nə zaman təmir ediləcəyi ilə bağlı sualımıza cavabı belə oldu:  “3 mərtəbədən ibarət olan qala bir neçə ildir ki, yararsız hala düşmüşdür. Bunun üçün investisiya siyahısına daxil olmuşdur və vəsait ayrılan kimi bərpa olunacaqdır.” 

Rauf Salayevin sözlərinə görə, “Dairəvi qala”nın bərpası 2020 - 2023-cü illərdə dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu hesabına icrası nəzərdə tutulan layihələrin siyahısındadır. Dövlət büdcəsindən vəsait ayrıldıqdan sonra qalada təmir-bərpa işlərinə başlanılacaq. İndi şəhərin özünəməxsus tarixi abidəsi səbirsizliklə təmir olunacağı günü gözləyir.

Tural Kərimov, Rövşən Əzimov, APA TV,  Lənkəran

 

Müəllif | Apa.Tv
Apa.tv