Tariyel Qurbanovu şantaj edərək aldığı pulu “07”yə veribmiş

Tanınmış prokuror Tariyel Qurbanovu şantaj edərək pul almaqda ittiham olunan hamam işçisi Ümman Əliyev və tanışlarının məhkəməsi davam etdirilir.

 

"Qafqazinfo"nun yaydığı məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.

 

Şahid Kamran Ədəbəvazi deyib ki, Ümmanla hamamda iş yoldaşı olublar. Tariyel Qurbanovu da ora gəlib-gedən müştəri kimi tanıdığını deyən Kamran Ümmanın ondan Tariyel Qurbanovdan aldığı pulu göndərtdirmək üçün kart istədiyini bildirib. Hətta pul köçəndən sonra Ümman ona 100 manat təklif etsə də, Kamran imtina edib.

 

Daha sonra hakim şahidə “Ümmanın Tariyel Qurbanova qarşı xoşagəlməz hərəkətlər etdiyini bilmisiz?” sualına Kamran “xeyr, xəbərim olmayıb. Onun Tariyel müəllimdən pul istəməsini, zəng etməsini filan bilməmişəm”, - deyə cavab verib.

 

Daha sonra hakim xatırladıb ki, Kamranın Ümmanla telefon danışıqları var və orada Tariyel Qurbanovla bağlı söhbətlər gedir. Şahid hadisənin çoxdan baş verdiyini, bəzi məqamları unutduğunu deyib. Məlum olub ki, o vaxt Kamran Ümmana məsləhət edib ki, Tariyel Qurbanovu şantaj etməkdən əl çəksin.

 

Daha sonra digər şahidlər dindirilib. Onların arasında Ümmanın Tariyel Qurbanovun verdiyi pullarla aldığı maşının sahibi, digər hamam işçiləri olublar. Məlum olub ki, Ümman həmin pulun bir qismi ilə özünə “VAZ 2107” markalı maşın alıb.

 

İş üzrə şahidlərin dindirilməsi başa çatıb. Proses dekabrın 26-da davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv