Taxıl sahələrində yanğın təhlükəsizliyinə dair seminar-müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü ilə Qəbələ rayonu ərazisində yerləşən taxıl sahəsində - açıq havada "Yay mövsümündə dənli bitkilərin tədarükü ilə bağlı yanğın təhlükəsizliyinə həsr olunmuş tədbirlər" mövzusunda seminar-müşavirə keçirilib.

 

APA TV-nin yerli bürosu xəbər verir ki, tədbirdə qeyd edilib ki, hər il ot və taxıl yığımı mövsümünə hazırlıq dövründə Dövlət Yanğın Nəzarəti Xidməti bütün regionlarda yerli icra hakimiyyətlərinin, bələdiyyə sədrlərinin, fermerlərin, aqroservis rəhbərlərinin, meşə mühafizəsi və bərpası idarələri işçilərinin iştirakı ilə seminarlar, yanğına qarşı təbliğat xarakterli tədbirlər həyata keçirir. Amma hər il bu tədbirlərin keçirilməsinə baxmayaraq, təəssüf ki, taxıl sahələrində, meşələrdə yanğın hadisələri baş verməkdədir.

 

Araşdırma zamanı yanğınların müxtəlif səbəblərdən, siqaret çəkmə zamanı ehtiyatsızlıqdan, nəqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığından, yüksək gərginlikli hava elektrik xətlərində baş verən qəzadan, ocaqdan düşən qığılcımdan, kombaynlarda və digər texnikaların atqı borularında qığılcımsöndürənin olmamasından , biçilmiş sahələrin yandırılması səbəbləri ilə baş verdiyi məlum olub.

 

Diqqətə çatdırılıb ki, biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.

 

Seminar-müşavirədə kənd təsərrüfatı texnikalarının ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğınsöndürmə texnikalarının su ehtiyatının bərpası üçün təbii su hövzələrindən suyu götürməsinə şəraitin yaradılması və digər tələblər diqqətə çatdırılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Fermerlərin diqqətinə çatdırılıb ki, dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə bir sıra digər zəruri tədbirlər təxirə salınmadan həyata keçirilməlidir. Belə ki, meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaqla şumlanmalıdır. Biçilmiş ot, taxıl zəmilərindən ən azı 30 metr aralıda tayaya vurulmalıdır. Taxıl yetişən zaman cavabdeh şəxslər tərəfindən zəmiləri yanğından qorumaq məqsədi ilə keşikçilər ayrılmalıdır. Biçilmiş ot və taxıl həmin sahədən kənara daşınmalıdır. Taxıl yığımı, ot tədarükü zamanı müvəqqəti tarla düşərgələri taxıl zəmilərindən, xırmanlardan və s. yanğın təhlükəli yerlərdən ən azı 100 metr kənarda yerləşdirilməlidir.


 

Şahnəzər Bəşirov, APA TV, Qəbələ

 

Müəllif | Apa.Tv
Apa.tv