Taxtakörpü su anbarında suyun səviyyəsi niyə azalıb?
Ölkəmizdə mühüm hidrotexniki qurğulardan sayılan Taxtakörpü su anbarında suyun həcmi azalıb. Anbarda suyun səviyyəsi maksimum göstəricidən 46 metr aşağı düşüb.
Azərbaycan Meliorasiya Elmi-Tədqiqat İnstitutunun direktoru Mir Mövsüm Dadaşev bildirib ki, anbarda suyun səviyyəsinin aşağı düşməsi son illər xüsusilə yay mövsümündə Samur çayında su ehtiyatlarının kəskin azalması ilə əlaqədardır.
Mir Mövsüm Dadaşevin sözlərinə görə, su anbarı istifadəyə verildikdən sonra burada 1 milyard 190 milyon kubmetr su toplanıb. Bunun da 1 milyard 86 milyon kubmetri istifadə edilib. İstifadə edilən suyun 877 milyon kubmetri Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin içməli su təchizatına sərf olunub.
Mütəxəssis qeyd edib ki, hazırda sudan istifadə zamanı itkilərə yol verilməsinin qarşının alınması üçün müəyyən tədbirlər görülür.
O bildirib ki, anbarda suyun səviyyəsi hazırda aşağı düşsə də, Bakı, Sumqayıt şəhərlərinin, Abşeron yarımadası və ölkənin şimal zonasının kənd təsərrüfatı sahələrinin su təminatında çətinliklər yaranmayacaq.
Hidrotexniki qurğuda suyun həcmi ilə bağlı dəqiq informasiyalar mart ayında aparılacaq monitorinqlərdən sonra məlum olacaq.