Taxtakörpüdə daş evlər tikilir - MƏCBURİ KÖÇKÜNLƏR ÜÇÜN

 

Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçından olan məcburi köçkünlər üçün 3 yeni qəsəbənin inşası yekunlaşır.

APA TV-nin Qarabağ bürosunun məlumatına görə, buradakı mənzillərin 62-si birotaqlı, 260-ı ikiotaqlı, 260-ı üçotaqlı, 63-ü dördotaqlıdır. Qəsəbədəki evlərin hər birinin 12 sot həyətyanı sahəsi var: “Ağcabədidə məskunlaşan laçınlı məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün 645 fərdi evin tikintisi, o cümlədən 2 ədəd 192 yerlik və 1 ədəd 108 yerlik məktəb binasınında son tamamlama işləri. Hazırda Biz Şeylanlı qəsəbəsi ərazisindəyik. Qəsəbələri birləşdirən 3500 metr asfalt yol çəkilib, hazırda qəsəbə daxili asfalt örtük çəkilir”.

Qəsəbədə infrastruktur işləri də həyata keçirilib. 35/10 Kv-lıq elektrik yarımstansiyası tikilir. Xarici və daxili qaz xətləri, həmçinin elektrik yarımstansiyasından hava xətti çəkilib, işıq dirəkləri basdırılıb. Qrunt sularının kənarlaşdırılması üçün drenaj xətti inşa edilib, mənbəyini Yuxarı Qarabağ kanalından götürən içməli və təsərrüfat suyu xətti çəkilib. Bu da deməyə əsas veriri ki, artıq uşaqlar kərpic və qamış daxmalarda yaşamayacaq, bulanlıq su içməyəcək, dərsə palçıqlı yolla getməyəcək: “Bu qəsəbənin tikintisi qəsəbə sakinlərinin həyatında mühüm dəyişiklik edəcək. Ən vacibi bu obalarda yaşayan uşaqlar artıq təhsildən kənarda qalmayacaq”.

Qəsəbələrin ilin sonunadək istifadəyə verilməsi planlaşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv