TBMM İnsan hüquqları komitəsi sədrinin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə olub
Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) İnsan hüquqları komitəsinin sədri Hakan Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib.
APA TV-nin yerli bürosunun məlumatına görə, nümayəndə heyəti cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzi hissəsində Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olub.
Qardaş ölkənin nümayəndə heyətini və digər rəsmi şəxslər müşayiət ediblər.
Nümayəndə heyətinə məlumat verilib ki, oktyabrın 11-də və 17-də Ermənistan ərazisindən Gəncə məqsədli şəkildə ballistik raketlərlə atəşə tutulub. Raket hücumları nəticəsində 1 körpə, 5 uşaq, 10 qadın da olmaqla 30-a yaxın dinc sakin həlak olub, 90-dan çox insan yaralanıb.
Türkiyə nümayəndə heyəti erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzüb, dualar oxuyublar.