TBMM sədri: “ABŞ-ın 200 illik tarixi çox qanlı və kirli bir tarixdir”

“ABŞ-ın 200 illik tarixi çox qanlı və kirli bir tarixdir”.

APA TV-nin məlumatına görə, bunu ABŞ Senatının qondarma “erməni soyqırımı”nın tanınmasına dair qətnaməsinə münasibət bildirən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop deyib.

O vurğulayıb ki, senatorların hansısa birindən qəbul etdikləri bu qərarın mahiyyəti barədə soruşsaq, 2-3 cümlə deyə bilməyəcək: “Bunların aldığı qərarlar siyasidir. Əgər biz tarixi hadisələri siyasətin vasitələri kimi işlətsək, beynəlxalq əlaqələr daha da pisləşər. Yaxın vaxtlarda Suriyada - Şərqi Qutada kimyəvi bombardman zamanı ABŞ tərəfindən əməliyyat aparıldı. Mülki şəxslər öldürülmüşdü. Əməliyyatların iç üzünü açmaq üçün reportaj hazırlayan, vacib mətbu orqanda işləyən bir jurnalistin işinə son verildi. Çünki öz törətdikləri cinayətlərin ortaya çıxmasının da qarşısını almağa çalışırlar. Dolayısı ilə belə tarixi hadisələrlə bağlı qərar verməyə qalarsa, sadəcə, ABŞ tarixi ilə bağlı TBMM qərar verməyə başlasa, biz bir ili ABŞ tarixi ilə bağlı qərarlara ayırmalı olarıq”.

TBMM sədri qeyd edib ki, ABŞ-ın 200 illik tarixində Afrika əsilli insanların qul ticarəti faktları ilə doludur. Hindulara qarşı zülmlər bu gün də bitmiş deyil. Dünyanın bir çox ölkəsində də bu hallar hələ bitməyib: “Bizim tariximizlə bağlı hər hansı narahatlığımız yoxdur. 2005-ci ildə o zaman Baş Nazir olan Prezident Rəcəb Tayyib Ərdoğan bəyan etmişdi ki, Türkiyə də, Ermənistan da arxivlərini açsın, bu məsələ ilə bağlı tarixçilər araşdırma aparsın. Bizim qorxacaq bir şeyimiz yoxdur, arxivlərimizi də açdıq. Amma üzərindən 15 il keçməsinə baxmayaraq, Ermənistan arxivlərini aça bilmir. Çünki dünyada Türkiyəyə qarşı apardıqları iftiranın arxivlərinin açıldığı təqdirdə, üzə çıxacağını bilirlər”.

Qeyd edək ki, TBMM-nin sədri Bakıya səfəri çərçivəsində Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət edib.

Müəllif | Apa.Tv
Apa.tv