TƏBİB: Rusiyadan Azərbaycana təxliyə olunan 33 nəfərdə COVID-19 aşkar olunub

Yeni növ koronavirus pandemiyası səbəbindən xarici ölkələrdə, o cümlədən Azərbaycanla qonşu olan ölkələrdə qalmış vətəndaşlarımızın vətənə qaytarılması istiqamətində tədbirlər davam etdirilir.

 

TƏBİB-dən APA TV-yə verilən xəbərə görə, avqustun sonuncu həftəsində Rusiyadan quru sərhədi ilə Azərbaycana təxliyə olunmuş vətəndaşlarımızdan götürülən testlər nəticəsində 33 nəfərdə COVID-19 infeksiyası aşkar olunub.

 

Əvvəlki aylarda həyata keçirilən təxliyələr zamanı testləri pozitiv çıxmış vətəndaşlarımızın sayı cüzi olsa da, qeyd edilən həftədə kəskin artım müşahidə olunub. Bu, istər Rusiyanın müxtəlif bölgələrindən Dağıstana gələn, istərsə də orada toplanma məntəqələrində təxliyə gözləyən bəzi vətəndaşlarımızın sanitar-epidemioloji tələblər və təhlükəsizlik qaydalarına riayət etməməsinin nəticəsində baş verir.

 

TƏBİB bir daha xarici ölkələrdə olan və Azərbaycana qayıtmaq arzusunda olan vətəndaşlarımızı olduqları ölkənin sanitar-epidemioloji qaydalarına ciddi şəkildə riayət etməyə çağırır.

 

Müəllif | Apa.Tv
Apa.tv