TƏBİB: Vəziyyət pisləşərsə, karantin qaydaları sərtləşdirilə bilər
“Koronavirusla Mübarizəyə Dəstək Fonduna 113 milyon manatdan artıq vəsait toplanıb”.
APA TV-nin məlumatına görə, bunu Operativ Qərargahın Koronavirusla Mübarizəyə Dəstək Fonduna həsr edilmiş mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib: “Baş Nazirin sərəncamı ilə Fondun vəsaitlərinin xərclənməsində şəffaflığı təmin etmək üçün İctimai Nəzarət Şurası yaradılıb. İclasda Prezident Administrasiyası, icra orqanları, ictimaiyyət və qanunverici orqanın nümayəndələri iştirak edib. İclasda Fonda toplanan vəsaitlərin xərclənməsi istiqaməti barədə müzakirə aparılıb”.
İbrahim Məmmədovun sözlərinə görə, ticarət mərkəzlərinin mayın 11-dən açılıb-açılmayacağı bu həftə bilinəcək.
Mayın 11-nə doğru metronun açılması məsələsi də tendensiyanın pozitiv və ya neqativ olmasından asılıdır".
Fondun İctimai Nəzarət Şurasının üzvü, millət vəkili Ziyad Səmədzadə isə bildirib ki, koronavirusla Mübarizəyə Dəstək Fonduna toplanan vəsaitin 80 faizi vətəndaşların ianələridir. O, qeyd edib ki, gələcəkdə fondun vəsaiti hesabına bir neçə səhiyyə müəssisəsi də tikilə bilər: “Fonda toplanan vəsaitlərin 80 faizi vətəndaşların ianələridir. Bu gün Şuranın iclası vəsaitlərin xərclənməsində şəffaflığın formalaşdırılması ilə bağlı olub”.
Fondun İctimai Nəzarət Şurasının digər üzvü Fərhad Bədəlbəyli isə bildirib ki, koronavirusla Mübarizəyə Dəstək Fondunun əsas işi təbliğat olacaq: “Müxtəlif sosial roliklər, sənədli filmlər də çəkilə bilər. Biz Fondun vəsaitlərinin şəffaf xərclənməsinə nəzarət edəcəyik və mən buna söz verirəm”.
TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə qeyd edib ki, koronavirusa yoluxma daha çox "narıncı" bölgələrdə olub: "Qeyd edim ki, yoluxma daha çox "narıncı" adlandırdığımız yerlərdə olub. Əgər "narıncı" zonaya aid hansısa yerdə azalma olarsa, "sarı" zonaya daxil ediləcək. Ya da əksinə, "sarı" zona adlandırdığımız bölgələrdə də yenidən virusa yoluxma statistikası artarsa, yenidən karantin rejimi sərtləşdirilə bilər".
Yaqut Qarayevanın sözlərinə görə, son vaxtlar pozitiv dinamika itirildiyindən yeni yoluxmaların sayı artıb. Buna görə də karantin qaydalarına ciddi əməl edilməlidir.
TƏBİB-in şöbə müdiri əgər situasiya pisləşməyə doğru getsə, regional və ya daha geniş miqyasda karantin rejiminin sərtləşdirilə biləcəyini də qeyd edib.