20:24 7 dekabr 2021 295
Ana səhifə Xəbərlər

Təcrübə poliqonu illər sonra yenidən istifadəyə verilib

Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi-Tədqiqat Bazasının təcrübə poliqonu illər sonra yenidən istifadəyə verilib.  Akademik İman Mustafayev tərəfindən 1950-ci ildə yaradılan tədqiqat bazasının yerləşdiyi ərazidən asılı olaraq birinci Qarabağ müharibəsindən sonra istifadəsi mümkün olmayıb. Tərtər rayon Həsənqaya kəndi ərazisində yerləşən, ümumi ərazisi 1 650 hektar olan təcrübə bazası qoşunların qarşıdurma xəttinə yaxın ərazidə yerləşib. Məhz elə bu səbəbdən də 30 ilə yaxın müddətdə istifadə etmək mümkün olmayıb. Lakin 44 günlük vətən müharibəsindən sonra Azərbaycan ordusunun qazandığı qələbə nəticəsində burada təhlükəsiz işləmək mümkün olub. Bazanın baş aqronomu Məhəmməd Şirinovun sözlərinə görə, ilkin olaraq 120 hektardan artıq torpaq sahəsi minalardan təmizlənib. İndi bu ərazidə sınaq əkinləri başlayıb:  “Yəni hələ ki, bu 120 hektarda, yəni bizi qani edir ki, ilkin variant toxumlarımızı artıraq. Bizim məqsədimiz məramımız biz Azərbaycanın milli genofonduna uyğun gələn taxıl sortlarının, yeni sortlarını alırıq, yeni sortları sınaqdan keçiririk. Və bizim keçən il, yəni 2021-ci ildən bizim yeddi sortumuz dövlət sort sınağında təsdiq olunub. Dövlət komissiyasından keçirilib. O sortlardan adını çəkə bilərəm, “Start” sortu, “Leyla” sortu, “Maya” sortu, “Yaşma” sortu, “Şuşa” sortu, “Xəmsə” sortu və başqa sortlarımız. ”


Mütəxəssislər artıq 38-dən çox buğda sortunu sınaqdan keçirib. Onların içində isə ən yaxşıları, çörək emalı üçün nəzərdə tutulan, zəngin tərkibli “Start” və “Cənub” sortu olub ki, bu da sınaqdan keçirilərkən hektara 83-85 sentner məsul verib. Bundan başqa “Leyla”, “Xəmsə” sortları, həmçinin bərk buğda növündən olan “Maya” sortu, yaxşı aqrotexniki qulluq göstəriləcəyi təqdirdə 90-100 sentnerə yaxın məhsul verdiyi müəyyən edilib. İnstitutun alimləri yetişdirdikləri ən yeni sortları Azərbaycan dövlətinin qazandığı zəfərin şərəfinə adlandırıblar. Məhəmməd Şirinov bildirir ki, alimlər böyük əmək sərf edib:””Yaşma” və “Şuşa” sortunu biz artıq müharibədə qazanılan qələbəyə hazırlamışdıq. Sortun üstündə bizim alimlər, genetika ehtiyatları institutunun alimləri uzun illərdir böyük işlər görüb. Biz hazır idik o vəziyyətə. İnanırdıq öz prezidentimizə ki, biz qalib olacağıq. Biz də həmin sortu həsr elədik zəfər gününə komissiyaya verdik, təsdiq elədi. Özünüz də gördünüz ki, etiketləri vurulub.”

Baş aqronomun sözlərinə görə təcrübə bazasının əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərəcək fermerləri yeni növ və daha məhsuldar toxumlarla təmin etməkdir. Həmçinin sınaqdan keçən yeni növ toxumların xarici bazarlarda satışa çıxarılacağı da istisna olunmur.



Elgün Gəncimsoy, Arzu Quliyev APA TV – Tərtər

 

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın